Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar
Əmək Məcəlləsinə edilən yeni dəyişiklikdən biri də narkoloji xəstələrin işə qəbulu və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müəyyən məhdudiyyətlərin qoyulmasına həsr edilib. Yeniliyi Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edir.
Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-2-ci bəndinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər.
Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddətinin təsdiq edilməsi haqqında” Qərarı ilə həmin peşələr və müddətlər müəyyən olunub. Həmin sənədə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə növləri aşağıdalardır:
- Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin prekursorların tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması və satışı prosesində iştirak edən idarə, müəssisə və təşkilatlarda bütün növ peşə və vəzifələr;
- Təcili tibbi yardım stansiyalarının həkimləri, tibb müəssisələrində anestezioloq-reanimatoloq, onkoloq və digər bilavasitə narkotik vasitələrdən və psixotrop maddələrin istifadə edilməsi və məsləhət görülməsi ilə əlaqəli olan tibbi vəzifələr;
- Tədris-tərbiyə müəssisələrində bütün növ peşə və vəzifələr;
- Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində (mövsümi), məktəbdənkənar müəssisələrdə bütün növ peşə və vəzifələr;
- Məktəbəqədər təhsil müəssisələrində bütün növ peşə və vəzifələr;
- İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində bütün növ peşə və vəzifələr;
- Xüsusi rabitə şəbəkəsində bütün növ peşə və vəzifələr;
- Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün növ peşə və vəzifələr;
- Silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələr;
- Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr;
- Bütün müəssisələrdə və banklarda xəzinə müdirləri, xəzinədarlar və nağd pul əməliyyatları ilə məşğul olan mühasib və nəzarətçilər;
- İnkassatorlar;
- Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri;
- Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə vəzifələr üzrə işçilər;
- 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında sazlama, quraşdırma və yüksək gərginlik altında sınaqlar və iş aparan heyət;
- İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər;
- Partlayıcı maddələr tətbiq olunan, partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün növ peşə və vəzifələr;
- Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkətlə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).
Qərarın II hissəsinə əsasən, narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olanlar üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər.
Qanunvericiliyə edilən yeni dəyişiklikdən biri də narkoloji xəstəlikləri aşkar edilən işçilərin əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır.
Əmək Məcəlləsinin 74-cu maddəsinin “g” bəndinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradəsindən asılı olmayaraq onun əmək müqaviləsinə xitam verilə bilər.
Əmək Məcəlləsinin 226-cı maddəsinin 1-ci bəndinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
Həmin maddənin 1-1-ci bəndində göstərilib ki, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirlər.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın