İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?
Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə
Əmək müqaviləsinə xitam zamanı işçilər üçün ən arzuolunmaz əsaslardan biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsində edilən son dəyişikliklər zamanı 72-ci maddədə nəzərdə tutulan hallardan birinə düzəliş edilib, eyni zamanda yeni məzmun əlavə olunub.
Dəyişikliyə qədər Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində qeyd edilirdi ki, işçinin qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur.
Son dəyişiklik zamanı isə “qəsdən istehsal, kommersiya və ya dövlət” sözləri “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilib. Beləliklə, dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi müəyyən edilib.
İndi isə dəyişikliklə bağlı bəzi vacib məqamlara diqqət yetirək.
Əsas məqamlardan biri “qəsdən” sözünün çıxarılmasıdır. Çünki praktikada işçinin dövlət, kommersiya və ya vergi sirrini qəsdən, yoxsa ehtiyatsızlıqdan yayması məsələsi tez-tez məhkəmə predmetinə çevrilirdi.
Misal. İşəgötürən 2025-ci ildə müəyyən edir ki, işçi işəgötürənin kommersiya sirrinin yayılmasına yol verib. Belə ki, işçi öz sosial şəbəkə hesabında müəssisəyə aid kommersiya sirrini ictimai istifadə üçün paylaşıb. İşçi isə bildirir ki, bu paylaşım qəsdən deyil, ehtiyatsızlıqdan baş verib. Öncəki redaksiyada “qəsdən” ifadəsi yer aldığından, işəgötürən həmin hərəkətin qəsdən törədildiyini sübut etməli idi. Yeni dəyişiklikdən sonra isə kommersiya sirrinin yayılması faktı aşkar edildikdə, bunun qəsdən və ya ehtiyatsızlıqdan baş verməsi ayrıca sübut predmeti olmaya bilər.
Digər vacib məqam vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsinin ayrıca hal kimi təsbit edilməsidir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində artıq üç növ sirr nəzərdə tutulur: dövlət, kommersiya və vergi sirri.
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən və dövlət tərəfindən mühafizə edilən məlumatlardır.
“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə görə, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və digər fəaliyyəti ilə bağlı olub, sahibinin razılığı olmadan açıqlanması onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
Vergi sirri isə Vergi Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, aşağıda göstərilən hallar istisna olmaqla, vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
- vergi ödəyicisinin razılığı ilə açıqlanan məlumatlar;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin uçot kodu;
- müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı);
- vergi qanunvericiliyinin pozulması və bu pozuntulara görə məsuliyyət tədbirləri;
- vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borclar;
- hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri, onların nizamnamə kapitalındakı payları və benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla);
- vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmaması;
- sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılıb-dayandırılmaması;
- vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması və bu hallarla bağlı qəbul edilən qərarlar.
Qeyd edilən siyahıda göstərilən məlumatlar vergi sirri hesab edilmir.
Mİsal. İki təsisçi nizamnamə kapitalı 100 manat olan hüquqi şəxs yaradır. Həmin hüquqi şəxsin 20 000 manat vergi borcu mövcuddur və 2026-cı il ərzində 100 000 manat məbləğində vergi ödəyib. Bu məlumatlardan təsisçilər barədə məlumat və il ərzində ödənilmiş vergi məbləği vergi sirri hesab olunur. Nizamnamə kapitalı və vergi borcu barədə məlumatlar isə Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi sirri sayılmır.
2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir
Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.
Əmək Məcəlləsində son dəyişikliklərin izahı - 150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı - 50+ səhifə
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.
Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın