Avans qaimə-fakturaları ilə bağlı hansı iki düzəliş həyata keçirildi?
Satışına start verilən "Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı)" kitabından seçmə
1 yanvar 2024-cü il tarixindən etibarən avans ödənişləri üzrə elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq əlavələr edilmişdir.
Təcrübədə avans qaimə-fakturasının tətbiqi ilə bağlı iki fərqli yanaşma mövcud olmuşdur. Bəzi mütəxəssislər hesab edirdilər ki, avans ödənişləri zamanı əvvəlcə elektron qaimə-faktura təqdim edilməli, daha sonra ödəniş həyata keçirilməlidir. Bu yanaşma bəzi vergi ödəyicilərinin qarşı tərəfə bütün növ ödənişlərin, o cümlədən avans ödənişlərinin yalnız elektron qaimə-faktura əsasında həyata keçirilə biləcəyi mövqeyindən irəli gəlirdi. Həmin mövqeyə əsasən, vergi orqanı tərəflər arasında avans ödənişləri zamanı yarana biləcək mübahisələrin və çətinliklərin qarşısının alınması, eləcə də avans ödənişlərinə nəzarətin gücləndirilməsi məqsədilə 1 yanvar 2024-cü il tarixindən etibarən avanslar üzrə ayrıca elektron qaimə-fakturanın tətbiqinə qərar vermişdir.
Digər mütəxəssislər isə belə hesab edirdilər ki, ilk növbədə avans ödənişi həyata keçirilməli, bundan sonra elektron qaimə-faktura təqdim edilməlidir. Bu mövqe onunla əsaslandırılırdı ki, avansla bağlı elektron qaimə-fakturanın adı “alınmış avans ödənişləri barədə” adlandırılmışdır. Qaimə-fakturanın adında “alınmış” ifadəsinin yer alması, ilk növbədə avansın alınmasını, daha sonra isə elektron qaimə-fakturanın təqdim edilməsini nəzərdə tuturdu.
Bundan əlavə, Vergi Məcəlləsinin 71-1.1.5-ci maddəsində avans ödənişləri üzrə elektron qaimə-fakturanın avansın alındığı gün təqdim edilməsi tələbi müəyyən edilmişdi.
1 yanvar 2026-cı il tarixindən etibarən avans qaimə-fakturaları ilə bağlı iki mühüm düzəliş edilmişdir. Birinci düzəliş Vergi Məcəlləsinin 71-1.1.5-ci maddəsinə aid olub, maddədə yer alan “avansın alındığı gün” ifadəsi “avansın alındığı vaxtadək” ifadəsi ilə əvəz edilmişdir.
Misal. Vergi ödəyicisi razılaşmaya əsasən qarşı tərəflə 40 000 manat məbləğində malların alınması ilə bağlı müqavilə bağlamışdır. Vergi ödəyicisi 24 yanvar tarixində qarşı tərəfə elektron qaimə-faktura təqdim edərək avans ödənişinin həyata keçirilməsini xahiş edir. Bu halda, alıcı tərəfindən ödənişlərin həyata keçirilməsi qarşı tərəfin təqdim etdiyi elektron qaimə-faktura əsasında baş verir.
İkinci düzəliş Vergi Məcəlləsinin 71-1.5.12-ci maddəsinə edilmişdir. Son dəyişikliklərə qədər bu maddə “alınmış avans ödənişləri barədə” elektron qaimə-fakturaları tənzimləyirdi. Dəyişiklikdən sonra maddənin adından “alınmış” sözü çıxarılmış və müvafiq elektron qaimə-faktura “avans ödənişləri barədə” adlandırılmışdır.
Beləliklə, Vergi Məcəlləsində avans ödənişləri ilə bağlı edilmiş hər iki dəyişiklik onu göstərir ki, avans qaimə-fakturaları avans ödənişi həyata keçirilməzdən əvvəl təqdim edilə bilər və praktikada avans ödənişləri elektron qaimə-faktura təqdim edildikdən sonra icra olunmalıdır.
Sonda qeyd etmək lazımdır ki, avans ödənişləri üzrə elektron qaimə-fakturanın təqdim edilməsi malların təqdim edilməsi anlamına gəlmir.
Mİsal. Vergi ödəyicisi aprel ayında təqdim edəcəyi 30 000 manat məbləğində mallar üzrə həmin ilin mart ayında ümumi məbləğin 40 faizi həcmində, yəni 12 000 manat məbləğində avans üzrə elektron qaimə-faktura təqdim etmişdir. Bu halda, vergi ödəyicisi aprel ayında malların faktiki təqdim edilməsi zamanı 18 000 manat məbləğində deyil, təqdim edilən malların tam dəyəri olan 30 000 manat məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura təqdim etməlidir. Həmin elektron qaimə-fakturada avans qaimə-fakturasına dair müvafiq bölmə də aktiv edilməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın