Vergi bəyannamələrinin yanlış göndərilməsi, yaxud göndərilməməsi bəzən mühasiblər, eləcə də müəssisə üçün çətin və çıxılmaz hallar yaradır. Mövzunu “vergiler.az”a mühasibat mütəxəssisi Murad Almasov şərh edib.

Mühasiblər bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində vergi orqanına təqdim etməli, göndərilmiş vergi bəyannamələri üzrə gələn uyğunsuzluq məktublarına isə aydın və izahlı cavablar verməlidirlər.

Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, vergi ödəyicisinin göndərdiyi bəyannamələr üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilir. Yaranmış uyğunsuzluqlarla bağlı vergi orqanının vergi ödəyicisindən əlavə sənəd, məlumat və izahat istəmək hüququ vardır. Lakin bəzi hallarda vergi orqanından gələn məktublar cavablandırılmır. Bu isə nəticədə baş verə biləcək kameral hesablamalardan sonra müəssisə üçün ciddi problem yaranmasına səbəb olur.