Qeyd edək ki, 63 yaşlı Dominik Stross-Kan ötən il mayın 14-də zorlamada şübhəli bilinərək Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. İlkin ittihama görə, qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub. Sonradan o, girov müqabilində ev dustağı edilib. Lakin istintaq zamanı ittihamın qurama olduğu üzə çıxıb. Xadimənin Dominik Stross-Kanla intim əlaqədə olduğu sübuta yetirilsə də, bunun məhz zorlama olduğunu sübut edən dəlillər tapılmayıb.
Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı. O, həbs olunduqdan sonra rəhbərlik etdiyi qurumun nüfuzuna xələl gəlməməsi üçün vəzifəsindən istefa verib. BVF rəhbəri postuna isə tarixdə ilk dəfə olaraq qadın - Fransanın maliyyə naziri Kristin Laqard seçilib.
“APA-ECONOMICS”