O qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində "ASAN Xidmət"lə təcrübə mübadiləsinə xüsusi önəm verilir.
S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün "ASAN Xidmət"lə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb.
Ü.Mehdiyev isə çıxışında bu günədək "ASAN Xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb.
O bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək: "Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub".
Ü.Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.
Qeyd edək ki, memorandum DOST Agentliyi və DOST mərkəzləri üzrə infrastrukturun qurulması, kadr hazırlığı, İKT həllərinin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.