Çərşənbə axşamı, 07 Fevral 2012 07:07

Vergi Apellyasiya Şurası Nigar Köcərlinin müraciəti ilə bağlı nə qərar verdi?

Vergi Apellyasiya Şurası iyun ayının 3-də vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs İsmayıl Mürsəl oğlu İmanovun fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlaması aktında göstərilən məbləğlərin silinməsi barədə Nigar Köçərlinin müraciətinə baxıb. Müəyyən olunub ki, Vergi Auditi Departamenti  21.12.2010-cu il tarixli qərara əsasən, İ.İmanovun həmin ilin yanvar-noyabr ayları üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilib. Departamentin 24.02.2011-cil tarixli qərarına əsasən ödəyicinin icarə müqavilələri üzrə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən ekspert dəvət edilib.
Araşdırma nəticəsində məlum olub ki, sahibkar tərəfindən icarəyə götürülmüş obyektlərin müqavilələrdə nəzərdə tutulan icarə haqqı məbləğləri faktiki icarə haqqı  məbləğlərindən xeyli az göstərilib.  Apellyasiya Şurasının iclasında H.Köçərli özü də həmin qiymətlərin real olmadığını etiraf edib. Yoxlanılan dövrdə sahibkar ödəmə mənbəyində tutulan vergini 1,5 min manat azaltmış, nəticədə ona həmin məbləğin 50% miqdarında, yəni 774,9 manat maliyyə sanksiyası tətbiq edilmişdi. Aparılmış inventarizasiya üzrə uçota alınmamış mal-material dəyərlilərinin ümumi məbləği 76,7 min manat müəyyən edilmiş, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə həmin məbləğin 5 faizi miqdarında, yəni 3,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdi.

Şuranın iclasında iddiaçı sahibkara aid olan kitab mağazalarındakı kitabların fərdi uçotunun aparıldığını, hər bir kitab üzrə ştrix-kod vasitəsilə müvafiq məlumatların elektron bazaya daxil edildiyini bildirib və bu yoxlama materialları ilə də təsdiqlənib. Lakin alış sənədləri qaydasında olmadığından yoxlayıcı tərəfindən haqlı olaraq maliyyə sanksiyası tətbiq olunub. N.Köçərli qeyd olunan iradları qəbul etdiyini, sənədlərin tam qaydasında olmamasının bəzi, ondan asılı olmayan səbəblərlə bağlı olduğunu göstərərək, onların aradan qaldırılması üçün təcili tədbirlər görəcəyini vəd edib.
Qeyd olunanları nəzərə alaraq Apellyasiya Şurası  Nigar Köçərlinin 5.05.2011-ci il tarixli ərizəsinin qismən təmin edilməsi barədə qərar çıxardıb. Yoxlama aktında göstərilən ödəmə mənbəyində azaldılmış 1,5 min manat vergi məbləği və həmin məbləğə əsasən tətbiq edilmiş 774,9 manat maliyyə sanksiyasının qüvvədə saxlanılması, lakin aparılmış inventarizasiya üzrə uçota alınmamış, ümumi məbləği 76,7 min manat olan mal-material dəyərlilərinin müəyyən edilməsinə görə tətbiq edilmiş 3,8 min manat maliyyə sanksiyasının ləğv edilməsi qərara alınıb.

"MK" jurnalının iyun 2011-ci sayından seçmə məqalə

Şərh yazın