"Başqa işə keçirmə”nin “başqa vəzifəyə keçirmə”dən fərqi nədir?

"Başqa işə keçirmə”nin “başqa vəzifəyə keçirmə”dən fərqi nədir?

Sual: Salam. Bulmək istərdim ki,  Əmək Məcəlləsinin 59-cu maddəsində qeyd olunan “Başqa işə keçirmə” həm də başqa vəzifəyə keçirmə deməkdirmi? “Əmək münasibətləri: A-dan Z-yə” kitabında verdyiniz nümunəyə əsasən, razılaşma bağlayıb direktor müavinini şöbə müdiri vəzifəsinə keçirə bilərikmi? Bu halda əmək kitabçasında başqa vəzifəyə keçməyi qeyd etmək lazımdır?

Anar Həsənli

Cavab: Çox maraqlı və praktiki sualdır. Əvvəlcə, Əmək Məcəlləsinin 59-cu maddəsinə diqqətlə nəzər yetirək.

Maddə 59. Başqa işə keçirmə

İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Maddədən belə başa düşülür ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarından kənar başqa bir vəzifəyə aid olan əmək funksiyalarını yerinə yetirmək həvalə olunarsa, bu artıq başqa işə keçirmə sayılır. Bəs, başqa vəzifənin əmək funksiyaları necə yerinə yetirilə bilər? Buna misal kimi (Məcəllənin sonrakı maddələrində göstərildiyi formada), işçinin işdə olmaması ilə bağlı müvəqqəti əvəz etməni və yaxud boş vəzifənin əmək funksiyalarının yerinə yetirilməsini qeyd etmək olar. Ən əsası isə işçinin öz vəzifəsinə aid olan əmək funksiyalarının tam dayandırılması, ona başqa vəzifənin əmək funksiyalarının həvalə olunmasıdır. Ona görə də maddədə yazılıb ki, bu zaman ya onun əmək müqaviləsinə əlavələr edilməli, ya da yeni əmək müqaviləsi bağlanmalıdır.

Sizin qeyd etdiyiniz halda direktor müavininin şöbə müdiri vəzifəsinə keçirilməsi işçinin başqa işə keçirilməsi kimi qəbul olunur. Yaxşı olar ki, bu zaman onunla yeni əmək müqaviləsi bağlanılsın.

Bu halda Əmək Məcəlləsinin 54,55,56-cı maddələrinə riayət edilməlidir. Yəni, işçinin əmək şəraiti yaxşılaşdırılmayıb, yüksək vəzifədən daha aşağı vəzifəyə keçirilib. Bu məsələ ilə bağlı şərhi  jurnalın 25-ci səhifəsində, uyğun suala verilən cavabda oxuya bilərsiniz.

1 Komment

  1. Coşqun 09 Dekabr 2022

    Salam. İşdən ixtisarla cıxarılmışam. Əmək kitabcamı aldıqda bilmişemki məlumatım olmadan 6 ay evvel vəzifəmi aşağı salıblar

Şərh yazın

Xəbərlər