Müsabiqənin test imtahanı mərhələsi 21.12.2025-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək
Dövlət vergi orqanlarına xidmətə qəbul “Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.03.2022-ci il tarixli 2217040100301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları”na müvafiq olaraq aparılır.
Müsabiqədə iştirak etmək üçün namizədlərə dair tələblər
Müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş (“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndində göstərilən şəxslər üçün müəyyən olunmuş yaş həddi tətbiq edilmir) Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Müsabiqədə iştirakla bağlı sənəd qəbulu
- Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.10.2025-ci il saat 10:00-dan 28.11.2025-ci il saat 23:59-dək həyata keçiriləcək.
- Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır.
- Ərizənin sistemə daxil olduğu gündən 10 iş günü müddətində namizədin müsabiqədə iştirakla bağlı qoyulan tələblərə uyğunluğunun qabaqcadan müəyyən edilməsi məqsədilə ilkin yoxlama aparılacaq və nəticəsi barədə namizədin elektron poçt ünvanına məlumat göndəriləcək.
- Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
- Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə qeyd olunmuş qaydada Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində (https://exidmet.dim.gov.az/elimt/VergiTest) “Şəxsi kabinet”lərini yaradaraq və “Şəxsi kabinet”də olan pul hesabına lazımi vəsaiti köçürərək “Dövlət Vergi xidmətinə işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak ödənişinin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. İmtahana qeydiyyatdan keçmiş namizədlər 15.12.2025-ci il tarixdən etibarən DİM-in eservices.dim.gov.az/brxv internet səhifəsinə daxil olub “Yaddaş kitabçası” ilə tanış olaraq, imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Müsabiqənin keçirilməsi
- Müsabiqənin test imtahanı mərhələsi 21.12.2025-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahanın vaxtı 3 saat müəyyən edilmişdir.
- Test imtahanının sualları hüquqşünaslıq və digər ixtisaslar üzrə 2 kateqoriyaya bölünür. İmtahanda namizədlərə 100 sual təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Bir test tapşırığına iki və daha artıq cavab verildikdə cavab səhv hesab olunur. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir.
- Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir.
- Test imtahanında mümkün olan baldan azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.
- İmtahanda istifadə olunmuş test tapşırıqlarının imtahandan sonra keçirilən ekspertizası zamanı hər hansı səbəbdən ləğv olunmuş test tapşırığı müvafiq testdən imtahan vermiş iştirakçıların xeyrinə olaraq onlar tərəfindən düzgün cavablandırılmış tapşırıq kimi qəbul olunur. İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya Komissiyasına 22-24.12.2025-ci il tarixlərində saat 14:00-dan 17:00-a qədər müraciət edə bilərlər.
- Müsabiqənin test imtahanı mərhələsindən uğurla keçən, həmçinin “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq birbaşa müsahibə mərhələsinə buraxılan namizədlərə müsahibənin keçirildiyi yer və vaxt barədə azı 5 gün əvvəl məlumat veriləcək.
- Müsahibə namizədin müvafiq vəzifələrə uyğunluğunu müəyyən etmək üçün Müsabiqə Komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Müsabiqə Komissiyasının üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir. Müsahibə proqramı əvvəlcədən elan edilmir.
Test imtahanında namizədlərə aşağıdakı məzmunda test tapşırıqları təqdim olunacaqdır:
Hüquqşünaslıq ixtisasına malik olanlar üçün:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Yeni tarix və dünyagörüşü;
- Rəqəmsal məlumatların təhlili;
- Verbal məlumatların təhlili;
- Abstrakt və məntiqi düşünmə.
Digər ixtisaslara (iqtisadiyyat, maliyyə, idarəetmə və s. qeyri-hüquq ixtisasları) malik olanlar üçün:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Yeni tarix və dünyagörüşü;
- Rəqəmsal məlumatların təhlili;
- Verbal məlumatların təhlili;
- Abstrakt və məntiqi düşünmə.
Aşağıdakı hallarda vətəndaşlar dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:
- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- Çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
QEYD: Vakant yerlərin mütəmadi yenilənməsini nəzərə alaraq müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndiriləcəklər.
0 Komment
Şərh yazın