XƏBƏRDARLIQ!!! Hansı bank 92 şəxsin adına 500 000 manat saxta kredit rəsmiləşdirib?

XƏBƏRDARLIQ!!! Hansı bank 92 şəxsin adına 500 000 manat saxta kredit rəsmiləşdirib?

“Royal Bank” ASC-nin Xəzər filialının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, “RoyalBank” ASC-nin Xəzər filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Rinad Məmmədov “RoyalBank” ASC-nin Xəzər filialının müdiri vəzifəsində işləyərkən filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri ilə qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə bankın kompüter sisteminə yalan məlumatlar daxil edərək Bakı şəhər sakinləri Cəmilə Əliyeva, Nailə Paşayeva və qeyrilərinin, ümumilikdə 92 şəxsin adına saxta kreditlər rəsmiləşdirməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıblar.

Bundan başqa, R. Məmmədov taladığı pulun 163 min 338 manatını Abşeron rayonu, Qobu qəsəbəsində əldə etdiyi 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexi, inzibati bina və sair tikililərin inşasına və təsis etdiyi “Caspian-017 Production” MMC-nin adından kafel-metlax yapışdırıcısının istehsalına sərf edərək cinayət yolu ilə əldə etmiş olduğu külli miqdarda pul vəsaitlərini leqallaşdırmışdır.

Törətdiyi cinayət əməllərinə görə R.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Filialın digər əməkdaşları Rasif Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, Ayaz Şirəliyevə, Ramin Kərimova və Hüseyn Apışova Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci, Tamara Quliyevaya, İftixar Həsənova, Orxan Ağayevə və Samir Atakişiyevə Cinayət Məcəlləsinin 308.2-ci və Rauf Qasımova Cinayət Məcəlləsinin 308.1-ci maddələri ilə ittiham elan edilmişdir.

İstintaq zamanı 0,1 ha torpaq sahəsini qanunsuz olaraq Rinad Məmmədovun istifadəsinə vermiş Qobu bələdiyyəsinin sabiq sədri Mübariz Bayramov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin məcəllənin 308.1-ci maddəsi ilə ittiham elan edilmişdir.

14 aprel 2012-ci ildə tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər