Azərbaycanda sərxoş sürücülər ömürlük sürücülük hüququndan məhrum ediləcəklər?

Azərbaycanda sərxoş sürücülər ömürlük sürücülük hüququndan məhrum ediləcəklər?

Azərbaycanda alkoqollu içki qəbul etmiş sürücülər tərəfindən törədilən yol qəzaları ümumi hadisələrin təqribən 3 faizini təşkil edir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bu səbəbdən alkoqollu içki qəbul etmiş sürücülər barəsində cəzaların daha da sərtləşdirilməsi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, Rusiyada sürücü təkrarən sərxoş vəziyyətdə avtombil idarə edərsə, onun sürücülük hüququndan ömürlük məhrum edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub.

Əliyev bildirib ki, Azərbaycanda sərxoşluğun vəziyyətini Rusiya ilə müqayisə etmək doğru olmazdı.

"Rusiyada bu problem daha aktualdır. Azərbaycanla müqayisədə Rusiyada sərxoş vəziyyətdə törədilən yol qəzalarının sayı dəfələrlə çoxdu. Bizdə alkoqollu içki qəbul etmiş sürücülər tərəfindən törədilən qəzalar ümumi qəzaların təqribən 3 faizini təşkil edir. Rusiyada sərxoş sürücülərə qarşı cəzaların daha da sərtləşdirilməsi vacibdir", - o deyib.

İdarə sözçüsü qeyd edib ki, respublikada il ərzində təxminən 20-21 min sərxoş sürücü idarəetmədən kənarlaşdırılır.

"Sərxoş vəziyyətdə avtomobilin idarə olunması qəsdən törədilən inzibati xətadır. Sürücülərin yol polisi əməkdaşı tərəfindən idarəetmədən kənarlaşdırılması qəzaların qarşısının alınmasına xidmət edir. İstənilən halda, sərxoş sürücü tərəfindən ağır qəzaların törədilməsi ehtimalı daha çoxdur", - o deyib.

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirildiyini xatırladan Əliyev bu inzibati xətaya görə cərimələrin məbləğinin artırıldığını bildirib.

Belə ki, avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına görə, cərimənin məbləği 150 manatadək artırılıb. Hazırda qüvvədə olan qanunda bu məbləğ 80 manatdan 100 manata qədər məbləğdə müəyyən olunub.

Ciddi qayda pozuntularına yol verməklə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə cərimənin məbləği 200 manat müəyyən edilib. Hazırda bu inzibati xətaya görə 120 manatdan 150 manata qədər məbləğdə cərimə müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ölkə Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına təqdim olunan qanun layihəsində avtomobili təkrarən sərxoş vəziyyətdə idarə edən sürücülərin ömürlük olaraq sürücülük hüququndan məhrum edilməsi və nəqliyyat vasitəsinin müsadirə olunması təklif edilir.

Rusiyada sərxoşluğa görə üst-üstə 40, 50 və hətta 60 il sürücülükdən məhrum edilənlər var. Bu sahədə rekorda imza atmış Kemerovo vilayəti sakini (86 il) isə bu yaxınlarda başqasının avtomobili ilə qəza törədərək ölüb. Ekspertiza onun sərxoş olduğunu müəyyən edib.

 

mənbə: trend.az

0 Komment

    Şərh yazın

    Xəbərlər