Azərbaycanda “vahid pəncərə” prinsipi başqa hansı sahədə tətbiq olunacaq?

Azərbaycanda “vahid pəncərə” prinsipi başqa hansı sahədə tətbiq olunacaq?

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov bildirib.Onun sözlərinə görə, məcəllədə icazələrin verilməsi qaydasına görə obyektlər 3 kateqoriyaya bölünüb: “Bunlar tikintisinə icazə tələb olunan obyektlər, tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı əsasında tikintisi aparılan obyektlərdir”.

S.Kərimov qeyd edib ki, məlumatlandırma icraatının tətbiq olunduğu obyektlər hündürlüyü 3 mərtəbədən və 12 metrdən artıq olmayan fərdi yaşayış evləridir: “Onlara qoyulan əsas tələb bundan ibarətdir ki, onun layihəsi peşəkar memar tərəfindən çəkilməli və şəhərsalma sənədlərinə uyğun olmalıdır. Məcəllədə müəyyən edilmiş prosedura əsasən, fərdi evin layihəsi çəkildikdən sonra ev tikmək istəyən şəxs həmin layihəni və ev tikmək niyyəti haqqında ərizəni müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əgər həmin qurum 1 ay ərzində bu layihə ilə bağlı hər hansı irad və təklif bildirməzsə, vətəndaş 1 aydan sonra heç kəsdən icazə almadan tikintiyə başlaya bilər. Müvafiq orqan tərəfindən hansısa təklifin və ya iradın bildirilməsi tikintiyə icazə verilməməsi demək deyil. Çünki bu irad və təklif tikinti hüquq normalarına əsaslanmalıdır. Vətəndaş onu aradan qaldırandan sonra tikintiyə başlaya bilər”.

İşçi qrupunun rəhbəri deyib ki, tikintiyə icazənin verilməsi ilə bağlı “vahid pəncərə” prinsipi tətbiq olunacaq: “Bu o deməkdir ki, tikintiyə icazə almaq istəyən şəxs bir dövlət qurumuna müraciət edəcək, cavabı da ondan alacaq. Hələlik bunun hansı qurum olacağı müəyyənləşməyib. Bu, dövlət başçısı tərəfindən müəyyənləşdiriləcək. Yəni tikinti aparmaq istəyən şəxs bununla bağlı vahid quruma müraciət edir, bütün sənədləri də həmin quruma təqdim edir. Tikintiyə icazə ilə bağlı bütün məsələləri, tikintinin maraqlarına toxunan orqan və şəxslərlə razılaşdırmaları, texniki şərtləri, layihənin ekspertizaya göndərilməsi ilə bağlı məsələləri tikintiyə icazə verən orqan özü həyata keçirəcək. Bütün məsələləri aydınlaşdırdıqdan sonra tikintiyə icazə verib verməmək məsələsi də həmin qurumun səlahiyyətindədir və bu barədə qərar da həmin qurum tərəfindən qəbul olunacaq. Məcəlləyə əsasən, tikinti aparmaq istəyən şəxsin başqa qurumlarla razılaşma aparmasına, onların rəylərini almasına ehtiyac yoxdur”.

S.Kərimovun sözlərinə görə, tikintiyə icazə verən orqan müraciət əsasında daxil olan tikinti niyyətinin nəinki tikinti hüquq və normalarına uyğunluğunu, eyni zamanda bu məsələdə maraqlarına toxunulan şəxslərin maraqlarını da nəzərə almalıdır: «Tikintiyə icazə verəcək qurum həmin şəxsləri (tikinti nəticəsində maraqlarına toxunula bilən şəxsləri) dəvət etməli, dinləməli, onların maraqları arasında balansı təmin etməlidir. Yalnız bütün qurumların və maraqlı şəxslərin və iştirakını təmin edəndən sonra bununla bağlı qərar qəbul etməlidir».

Tikintiyə icazələrin müddəti 3 ildir. Yəni icazə üçün müraciət edən şəxs icazə alandan 3 il ərzində tikintiyə başlamasa, bu icazə qüvvədən düşür. Şəxs yenidən icazə almaq istəsə, bütün icazə prosesini yenidən başlamalı olacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər