İstintaq orqanları və məhkəmələr işə baxılmasını nə qədər uzada bilər?

İstintaq orqanları və məhkəmələr işə baxılmasını nə qədər uzada bilər?

Sual: Salam. Mənim sualım ondan ibarətdir ki, qanunvericilikdə məhkəmələrin işə baxması ilə bağlı konkret müddət qoyulubmu? Tutaq ki, mənzil məsələsi ilə bağlı məhkəmə 4 aydan artıq davam edə bilməz? Eyni məsələ istintaq dövrü üçün necədir?

Nəzakət Süleymanova

Cavab: Qanunvericilikdə prosessual və təqvimi müddətlər fərqləndirilir. Həm mülki, həm də cinayət işləri üzrə icraatın qanunvericilikdə nəzərdə tutulan əsaslara görə dayandırılması prosessual müddətlərin axımını dayandırır.

Mülki prosesdə müddətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) dəqiq müəyyən edilib.

MPM-nin 172.1 maddəsində yazılır:

- İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə məhkəmədə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.

MPM-nin 172.2 maddəsində isə göstərilir:

- İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə məhkəmədə 1 ay müddətində baxılır və həll edilir.

İşə məhkəmədə baxılarkən iş üzrə icraatın dayandırılması əsasları və müddətləri də nəzərdə tutulub. Bu müddətlər də nəzərə alınmaqla bəzən iş üzrə icraat daha uzun təqvim müddəti davam edə bilər. Amma hər bir halda prosessual müddət 3 ayı keçməməlidir. Bundan başqa iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə minənədək apellyasiya və kasasiya şikayətləri imkanları və onlara ayrılmış müddətlər də nəzərə alınmalıdır. Bir qayda olaraq, mülki işlər üzrə icraat işin həcmindən və prosesdə tərəflərin fəallığından asılı olaraq, 1 ildən 3 ilədək təqvim müddətində davam edə bilir.

Cinayət işləri üzrə müddətlər də konkret olduğundan daha çoxdur. Cinayət işlər üzrə istintaq iki mərhələdə həyata keçirilir – ibtidai araşdırma və məhkəmə istintaqı formasında. İbtidai araşdırma müddətləri cinayətin xarakterindən asılıdır və 2 aydan 4 ayadək davam edə bilər. Bundan başqa ibtidai araşdırma müddətlərinin uzadılması da nəzərdə tutulub. Uzadılan müddətlər də nəzərə alınmaqla ibtidai araşdırma müddətləri cinayətin xarakterindən asılı olaraq 6 aydan 18 aya qədər müəyyən edilib. (Cinayət Prosessual Məcəllənin 218-ci maddəsi). Bu müddətdən sonra iş üzrə icraata xitam verilməli və ya iş baxılması üçün məhkəməyə göndərilməlidir.

Cinayət işləri üzrə məhkəmə istintaqının müddətinin maksimal həddi isə konkret müəyyən edilməyib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər