Vergi Apelyasiya Şurası gözəllik salonun şikayətinə necə reaksiya verdi?

Vergi Apelyasiya Şurası gözəllik salonun şikayətinə necə reaksiya verdi?

Vergi Apelyasiya Şurası dekabrın 22-də vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fərdi sahibkar Əliyeva İradə Calal qızının operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən şikayətinə baxmışdır. Şikayətdə bildirilir ki,     24 iyun 2011-ci il tarixdə özlərini təqdim etməyən iki nəfər şəxs Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 24 ünvanda yerləşən ona məxsus gözəllik salonuna daxil olmuş, heç bir sənəd təqdim etmədən nəzarət-kassa aparatından (NKA) kassa çekini götürərək salonu tərk etmişdir. Həmin şəxslər salondan kənarda kassa çekinin müştəriyə təqdim olunmamasının səbəbini soruşmuş, buna görə vergi ödəyicisinə 400 manat məbləğində cərimə tətbiq olunacağını bildirmişlər. İ.Əliyeva sonradan vergi orqanı tərəfindən cərimə olunduğu barədə bildiriş aldığını, 16 avqust 2011-ci il tarixdə 195 Telefon Məlumat Xidmətinə zəng vuraraq hadisəni olduğu kimi danışdığını, şikayətlə əlaqədar Vergilər Nazirliyinə dəvət edilərək ondan izahat alındığını,  müştəridən alınmış məbləğin NKA-ya mədaxil olunduğunu nəzərə alaraq bu məsələnin ətraflı araşdırılmasını xahiş etmişdir.

Apelyasiya Şurası müəyyən etmişdir ki, 18 fevral 2010-cu il tarixdə vergi uçotuna alınmış və fəaliyyəti bərbərxana və gözəllik salonu xidmətlərinin göstərilməsindən ibarət olan fərdi sahibkar İ.Əliyeva tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə 2010-cu il üzrə 3024 manat, 2011-ci il üzrə isə 2551 manat gəlir əldə edildiyi göstərilmiş, müvafiq olaraq 120,96 manat və 102,04 manat vergi hesablanmışdır. Vergi Auditi Departamenti tərəfindən aparılmış araşdırmalara əsasən bu göstəricilər vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazi və fəaliyyət növü nəzərə alınmaqla sözügedən obyektdə vergidən yayınma riskinin olduğunu göstərir .

Departamentin  22 iyun 2011-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ərazisində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə 23-30 iyun 2011-ci il tarixlərdə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi nəzərdə tutulmuş və şikayətçinin obyektində də həmin tədbirlər çərçivəsində yoxlamalar keçirilmişdir.

İ.Əliyevaya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən yol verilmiş qanun pozuntusuna görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İ.Əliyeva tərtib olunmuş aktı imzalamaqdan və onun nüsxəsini götürməkdən imtina etmiş, tələb olunsa da, nəzarət kitabçasını təqdim etməmişdir. Bu səbəbdən də yoxlama aktının bir nüsxəsi sifarişli poçtla vergi ödəyicisinə göndərilmişdir.

14 dekabr 2011-ci il tarixdə şikayətçinin iştirakı ilə keçirilən müzakirələr bir daha təsdiq etmişdir ki, İ.Əliyevaya məxsus obyektdə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi və nəticələr barədə sənədlərin tərtibində heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Vergi Apelyasiya Şurası  vergi ödəyicisinin şikayətini təmin etməmiş və Vergi Auditi Departamentinin 1 avqust 2011-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Vergilər Nazirliyinin 7 sentyabr 2011-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarlarını  qüvvədə saxlamışdır.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi

0 Komment

    Şərh yazın

    Xəbərlər