Altay Cəfərovun təqdimatında: Amortizasiya ilə bağlı incə məqamlar

Altay Cəfərovun təqdimatında: Amortizasiya ilə bağlı incə məqamlar

Avtomobil yollarının uçota alınması, amortizasiyası, torpaq sahələrinin amortizasiyası, yaxşılaşdırılması kimi məsələlərlə bağlı vergi ödəyicilərini maraqlandıran bəzi məsələləri sərbəst auditor Altay Cəfərov “vergiler.az”a şərh edir.

Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, torpaq sahələri, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Məcəllənin 114.2.8-ci maddəsində həmin siyahıya ümumi istifadədə olan avtomobil yolları da daxil edilib.

Bəs ümumi istifadədə olan avtomobil yolları nədir?

“Avtomobil yolları haqqında” Qanunun 5-ci maddəsində göstərilib ki, ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Ümumi istifadədə olan avtomobil yollarının tərkibinə beynəlxalq və müdafiə təyinatlı yollar da daxildir.

Əsas etibarilə müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan müdafiə təyinatlı yollara aid edilən respublika, yerli və sahə yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tərtib və təsdiq edilir.
Əsasən respublika əhəmiyyətli yollardan ibarət olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyənləşdirilir.

Ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tərtib və təsdiq edilir.
Özəl, bələdiyyə və sahə yolları onların mülkiyyətçilərinin qərarı ilə o halda ümumi istifadə üçün açıq ola bilər ki, buna müvafiq icra hakimiyyəti orqanlarının müəyyən edilmiş qaydada müsbət rəyi alınmış olsun.

Ümumi istifadədə olan yollardan başqa özəl və bələdiyyə yolları da vardır ki, onların ümumi istifadədə olması xüsusi hallarda müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 114-cü maddəsinə görə ümumi istifadədə olan avtomobil yollarına amortizasiya hesablanılmır, özəl və bələdiyyə mülkiyyətində olan, ancaq ümumi istifadədə olan yol kimi təsnifləşdirilməmiş avtomobil yollarına isə 7% norma ilə amortizasiya hesablanır.
Torpaq sahələrinin yaxşılaşdırılması dedikdə torpaq sahələrinin keyfiyyət göstəricilərinin, münbitliyinin artırılması nəzərdə tutulur. Torpaq sahələrinə planlı və mövsümqabağı qulluq üçün xərclər kapitallaşdırmaya aid edilmir. Belə xərclər saxlanma xərcləri kimi nəzərə alınır.

Yaxşılaşdırılmaya çəkilən xərclərə gəldikdə, Vergi Məcəlləsinin 115-ci maddəsində göstərilib ki, amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğulara 7 faizədək amortizasiya norması müəyyən edilir.

Misal: “AA” MMC-nin 50 hektar torpaq sahəsi şoranlaşıb, 2-ci kateqoriyaya aid 5 hektar torpaq sahəsində isə şirkət hər il buğda əkir. Bundan əlavə, şirkətin həyətindəki 1 hektar torpaq sahəsində nəqliyyat vasitələrinin saxlanması üçün asfatlama işləri aparılıb. Mütəxəssislərin tərtib etdiyi plan-smetaya əsasən, şirkət şoranlaşmış torpağın yaxşılandırılmasına 200.000 manat, 2-ci kateqoriyaya aid torpaq sahəsinin gübrələnməsinə 3.000 manat, asfaltlama işlərinə isə 20.000 manat xərcləyib. Bu əməliyyatlar necə nəzərə alınmalıdır?

- Birinci əməliyyat torpağın yaxşılaşdırılması olduğu üçün 200.000 manat kapitallaşdırılmış xərclər kimi uçota alınır, illik 7% amortizasiya hesablanılır.
- İkinci əməliyyata çəkilən xərc saxlama xərci kimi nəzərə alınır, maliyyə və vergi hesabatlarında 3.000 manat xərc kimi uçota alınır.
- Üçüncü əməliyyat torpaqların yaxşılaşdırılması sayılmır, 20.000 manatlıq asfaltdöşəmə aktiv kimi (əsas vəsait) qəbul edilir və illik 7% norma ilə amortizasiya hesablanır.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər