Əmək Məcəlləsinə ştat (ştat vahidi) anlayışı niyə daxil edildi? (5 VACİB MƏQAM)
Satışına START verilən "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçmə
Əmək Məcəlləsinə dəyişikliyə qədər bəzi həmkarlar hesab edirdilər ki, Əmək Məcəlləsində ştat cədvəli anlayışı olmadığı üçün ştat vahidlərini əks etdirən cədvələ ehtiyac yoxdur. Artıq Əmək Məcəlləsinin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” maddəsinə ştat (ştat vahidi) anlayışı əlavə edilib. Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilən 8-1-ci bəndə əsasən, ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid hesab edilir.
Maddədən göründüyü kimi, işəgötürənin ƏMAS altistsemində yaratdığı ştat cədvəli üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid ştat hesab edlir. Əlavə edilən maddədə diqqət yetiriləsi məqamlara aydınlıq gətirək.
Birinci məqam. İşəgötürənlər ƏMAS altsistemində sistemində ştat cədvəl yaratmalıdır. Bu zaman işəgötürənlər üçün işçi sayının önəmi yoxdur. İşəgötürən işçi sayı 1000 nəfərdən çox olduğu və ya bir nəfər olduğu halda ƏMAS altsistemində struktur bölmələrdə ştatlar müəyyən etməlidir.
İkinci məqam. ƏMAS altsistemində struktur yaradan işəgötürənlər onu kağız üzərində də yaratmalıdır. İşəgötürənin icra orqanı (ümumi yığıncaq, idarə heyəti və s.) sturkturu təsdiq etdikdən sonra həmin məlumatlar əsasında ƏMAS altsistemində ştat cədvəli yaradılmalıdır.
Üçüncü məqam ştat vahidinə olan minimal tələblərlə bağlıdır. Anlayışdan göründüyü kimi, ştat vahidində işçinin vəzifə (peşə) adı və vəzifə (tarif) maaşı əks olunmalıdır.
Mİsal. İşəgötürən mühəndis vəzifəsi üzrə ştat vahidi yaradırsa, onun vəzifə (tarif) maaşını da cədvəldə qeyd etməlidir. İşəgötürən 2 000 manat vəzifə (tarif) maaşı və aylıq 20 faiz mükafat və ya zərərli iş yerinə görə əmək haqqına əlavə nəzərdə tutsa da, ştat cədvəlində vəzifə (tarif) maaşı olan 2 000 manat qeyd edə bilər.
Dördüncü məqam. İşəgötürən ƏMAS altsisteminə ştat vahidləri haqqında məlumatları daxil etdikdən sonra, həmin ştatlar üzrə vakant yerlər yarandıqda məşğulluq orqanlarına göndərişlərin göndərilməsini təmin etməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilib. Bu səbəbdən də, işəgötürən hansısa ştat üzrə işçini uzun müddət ərzində qəbul etməyi planlaşdırmasa, o zaman ləğv etmək hüququna malikdir.
Dövlət məşğulluq orqanları tərəfindən vakant ştatlar üzrə namizədlərin göndərilməsi ƏMAS altsisteminin Məşğulluq alt bölməsinin “Göndərişlər” bölməsində öz əksini tapacaq. İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əmək haqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci və 540.3-cü maddələri üzrə cərimə praktikada tətbiq olunmasa da, gələcəkdə həmin cərimələrin işlək hala gətirilməsi gözlənilir. Bir məqamı xüsusi olaraq vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsi üzrə cərimə inzibati xəta haqqında elektron protokol üzrə, yəni ƏMAS altsistemi məlumatlarından əldə edilməklə tətbiq olunacaq.
Beşinci məqam yalnız kağız üzərində ştat cədvəlinin yaradılması ilə bağlı tələbdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilən “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) SİYAHISI”nda qeyd edilənlərin ƏMAS altsisteminə daxil edilməsi ilə bağlı istisna olduğu üçün onlar yalnız kağız daşıyıcıda təsdiq edilən cədvəldə qeyd olunur.
Qeyd edək ki, təşkilatımızın nəşri olan “A-dan Z-yə: Kargüzarlıq” kitabında ştat cədvəlinin yaradilması və ona dəyişikliklərin edilməsi ilə bağlı geniş məlumat verilib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın