Çərşənbə, 18 May 2022 09:17

Vergi bəyannaməsinin təqdim edilməməsinə görə maliyyə sanksiyasının hesablanması

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Maddədə vergi hesabatı dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi bəyannamələr nəzərdə tutulur. Arayış dedikdə isə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd  nəzərdə tutulur.

Mİsal 1. Vergi ödəyicisi 2021-ci ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 20 oktyabr 2021-ci il tarixdən gec təqdim etdiyi halda ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bir məsələni qeyd edək ki, vergi orqanı bəyannamə üzrə maliyyə sanksiyasını vergi hesabatının təqdim etmə günü bitən kimi tətbiq etmir. Çünki bütün vergi ödəyicilərinin kağız formada bəyannamə təqdim etmək hüququ olduğu üçün, vergi orqanı poçtun çatma müddətini gözləməlidir. Vergi ödəyicisi 20 oktyabr 2021-ci il tarixdə poçtla vergi hesabatını göndərərsə, həmin bəyannamə vergi orqanlarına 26 oktyabr 2021-ci il tarixdə çatsa da, şəxsi vərəqəyə işlənmə tarixi 20 oktyabr 2021-ci il kimi olacaq.

Mİsal 2. Fərdi sahibkarın 2021-ci ilin 2-ci rübü üzrə fəaliyyəti olmayıb, ancaq o, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının)” arayış formasını təqdim etməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq 40 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 3. Mənfəət (gəlir) vergisi ödəyicisi olanlar, Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2020-ci il tarixinə qədər həmin arayışı təqdim etmir. Vergi orqanı vergi ödəyicisinə “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışı təqdim etməməsinə görə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın