Anar Bayramovun təqdimatında: Cari vergi ödəmələrinin hesablanması

Anar Bayramovun təqdimatında: Cari vergi ödəmələrinin hesablanması

3 vacib məqamın 9 misalla izahı

“vergiler.az” iqtisadçı ekspert Anar Bayramovun mövzu ilə bağlı şərhini təqdim edir.

Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə əsasən, əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

Burada öncə iki vacib məqamı nəzərdən keçirməliyik.

Birinci məqam

Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.1-ci maddəsi üzrə cari vergi ödəmələri hesablayarkən 151.2-ci maddədə nəzərdə tutulan xərclər nəzərə alınmadan gəliri yox, gəlirdən çıxılan xərclər nəzərə alınmaqla mənfəəti (gəliri) qeyd etməlidir.

Misal 1: Vergi ödəyicisinin 2022-ci ilin birinci rüb ərzində gəliri 30.000 manat olub. Vergi ödəyicisinin xərci 12.000 manat olduğu halda, vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” formasında Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq 18.000 manat (30.000 manat (1 rüb üzrə gəlir) — 12.000 (I rüb üzrə xərc) qeyd etməlidir:

30.000 - 12.000 = 18.000 manat.

Misal 2: Vergi ödəyicisinin 2022-ci ilin I rübündə gəlirləri 30.000 manat olub. Vergi ödəyicisinin həmin rüb üzrə xərclərinin 22.000 manat olmasına baxmayaraq, 14.000 manat məbləğində xərcin gəlirdən çıxılmasına icazə verilib. Bu halda vergi ödəyicisi arayışda 8.000 manat (30.000 manat (rüb üzrə gəlirlərin məbləği) – 22.000 manat (cəmi xərc) yox, 16.000 manat (30.000 manat (rüb üzrə gəlirlərin məbləği) -14.000 manat (gəlirdən çıxılmasına icazə verilən xərc) qeyd etməlidir.

Misal 3: Vergi ödəyicisinin 2022-ci ilin I rübündə gəlirləri 12.000 manat olsa da, həmin gəlirlərin 2.000 manatı mənfəət (gəlir) vergisinə cəlb edilməyən gəlirlərdir. Vergi ödəyicisinin həmin rüb üzrə gəlirlərdən çıxılmasına icazə verilən xərcləri 4.000 manat olsa da, həmin xərclərin gəlirdən çıxılmasına icazə verilən hissəsini Vergi Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq müəyyən etməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilməsi həyata keçirilməlidir.

Vergi ödəyicisi tərəfindən təqdim edilən arayışda gəlirin məbləği hesablanarkən 10.000 manatdan (12.000 manat (rüb ərzində ümumi gəlir) – 2.000 manat (mənfəət (gəlir) vergisinə cəlb edilməyən gəlir) çıxılan 4.000 manat xərcin Vergi Məcəlləsinin 108.2-ci maddəsinə uyğun hissəsi qeyd edilməlidir.

Misal 4: Mənfəət (gəlir) vergisi ödəyicisi olan fərdi sahibkarın 2022-ci ilin 1 rübü üzrə gəliri 30.000 manat olsa da, onun 4.000 manatı icarə fəaliyyətindən əldə olunub. Vergi ödəyicisinin gəlirdən çıxılmasına icazə verilən xərci isə 8.000 manat təşkil edib. Bu halda vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” formasında 22.000 manat (30.000 manat (rüb üzrə ümumi gəlirin məbləği) - 8.000 manat (gəlirdən çıxılmasına icazə verilən xərc)) yox, 18.000 manat (26.000 manat (icarə fəaliyyətindən olan gəlir istisna olmaqla sahibkarlıq fəaliyyəti üzrə gəlirləri) – 8.000 manat (gəlirdən çıxılmasına icazə verilən xərclərin yekunu) qeyd edilməlidir.

Misal 5: Mənfəət (gəlir) vergisi ödəyicisi olan hüquqi şəxsin 2022-ci ilin I rübü üzrə gəlirləri 32.000 manatdır və onun 8.000 manatı obyektlərin icarəyə verilməsindən əldə olunub. Vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri 6.000 manat təşkil etdiyi halda, “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da vergi ödəyicisi 26.000 manat (32.000 manat (rüb üzrə cəmi gəlirlər) - 6.000 manat (gəlirdən çıxılan xərclər)) qeyd edəcək. Öncəki misaldan fərqli olaraq gəlirdə icarə haqqını ona görə nəzərə alırıq ki, vergi ödəyicisi fərdi sahibkar yox, hüquqi şəxsdir.

İkinci məqam

Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.5-ci maddəsini tətbiq edərkən gəlirləri rüblər üzrə artan yekunla qeyd etməlidir. Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 151.2-ci maddəsinin tələblərindən fərqli olaraq, 151.5-ci maddəsində “artan yekunla” ifadəsindən istifadə edilib ki, vergi ödəyicisi arayışı təqdim etdiyi rüblər üzrə yekun mənfəəti (gəliri) müəyyən etməlidir.

Misal 6: Vergi ödəyicisinin 2022-ci ilin I rübü üzrə mənfəəti (gəliri) 3.000 manat təşkil edib. 2022-ci ilin 2-ci rübündə mənfəəti 2000 manat olduğu üçün ilin 6 ayı üzrə mənfəət (gəlir) 5.000 manat təşkil edib. Bu halda vergi ödəyicils “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da 2.000 manat məbləğində mənfəəti (gəliri) yox, ilk iki rub üzrə müəyyən olunan 5.000 manat məbləğində mənfəəti (gəliri) qeyd etməlidir.

Misal 7: Vergi ödəyicisinin 2022-ci ilin 1 rübü üzrə mənfəəti (gələri) 8.000 manat təşkil edib. 2022-ci ilin II rübünün yekunlarına görə vergi ödəyicisi 2.000 manat məbləğində zərərlə işləyib. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 151.3-ci maddəsinin tələblərinə əsasən, 2022-ci ilin II rübü üzrə cari arayışda 6.000 manat (8.000 manat (1 rübü üzrə cəmi mənfəət (gəlir) - 2.000 (2002-ci ilin II rübü üzrə zərər (mənfəət)) məbləğində gəliri təqdim etməlidir.

Misal 8: Vergi ödəyicisinin 2022-ci ilin I və II rübləri üzrə mənfəəti (gəliri) müvafiq olaraq 4.000 manat və 8.000 manat təşkil edib. Amma 2022-ci ilin III rübünün nəticələrinə əsasən 12.500 manat zərəri olub. Beləliklə, vergi ödəyicisi 2022-ci ilin 9 ayının göstəricilərinə əsasən, zərərlə işlədiyi üçün (4.000 manat (Il rub üzrə mənfəət (gəlir) + 8.000 manat (I rüb üzrə gəlir) – 12.500 manat (III rüb üzrə zərər)) < 0) 2022-ci ilin III rübu uzrə arayışında məbləği 0 (sıfır) olaraq qeyd edəcək.

Daha bir məqam

Bəzi həmkarlarlarımız hesab edirlər ki, vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da artan yekunla mənfəəti (gəliri) qeyd etməklə hesablanmalı olan cari vergi ödəmələrindən daha çox məbləğdə ödəniş edir. Oxucularımız üçün daha aydın olsun deyə prosesi misalla izah etmək istəyirik.

Misal 9: Kiçik sahibkarlıq subyektinə aid vergi ödəyicisinin 2022-ci ilin I və II rübləri üzrə artan yekunla mənfəəti (gəliri) müvafiq olaraq 40.000 manat və 90.000 manat olub. Vergi ödəyicisi 2022-ci ilin I rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da 40 000 manat mənfəəti (gəliri) qeyd etdiyi üçün 8.000 manat (40.000 manat (2022-ci ilin Irübü üzrə mənfəət (gəlir) x 20 faiz (mənfəət vergisinin dərəcəsi)) məbləğində cari vergi ödəməsi hesablayıb. Növbəti rübdə vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da 90.000 manat məbləğini qeyd etdiyi üçün cari vergi ödəməsinin məbləği 18.000 manat ((90.000 manat (2022-ci ilin 1 və İl rübləri üzrə mənfəət (gəlir) x 20 faiz (mənfəət vergisinin dərəcəsi)) qeyd etsə də, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə 10.000 manat (18.000 manat (2022-ci ilin I və II rübləri üzrə hesablanan cari vergi ödəmələri) - 8.000 manat ((2022-ci ilin I rübü üzrə hesablanan cari vergi ödəməsi)) qeyd ediləcək.

Göründüyü kimi, vergi ödəyicisinin hesabat ilinin əvvəlki rüblərində bəyan etdiyi cari vergi ödəmələrinin məbləği sonuncu arayışın məbləğinə mütənasib olaraq azadılır.

Bir məsələni də qeyd edək ki, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə edilən dəyişiklik nəticəsində cari vergi ödəmələrinin hesablanması haqqında arayış forması üzrə kameral vergi yoxlamasının keçirilməsi Vergi Məcəlləsinin 151.5-ci metodu ilə təqdimetmə zamanı mənfəət (gəlir) vergisinin rüblük olaraq təqdim olunması anlamına gəlir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu

2. Əmək Qanunvericiliyi Toplusu

3. ƏMAS platforması A-dan - Z-yə

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər