İnsan resursları üzrə mütəxəssis Kəmalə Yusifova: "İşçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab edilir"

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndinə əsasən, işçilərin haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. Bəs həmin məlumatlar işçilərə hansı formada çatdırılmalıdır? İşəgötürən məlumatları göndərmək üçün ƏMAS-da mühasibə icazə verməlidir, yoxsa mühasib özü birbaşa göndərməlidir?

Suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. İnsan resursları üzrə mütəxəssis Kəmalə Yusifova “vergiler.az”a bildirib ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, hər ay müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər: “Hər dəfə əməkhaqqı verilərkən kompüter yaddaşında saxlanılan bu hesablamalar işçiyə təqdim edilir. İşəgötürən əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir”.

K.Yusifova əlavə edib ki, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) Əmək Məcəlləsinin tələbi ilə aşağıdakı məlumatlar göstərilməlidir:

1. Hesablanmış əməkhaqqının ümumi məbləği;

2. Əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

3. Əməkhaqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği;

4. Faktik ödənilən məbləğ;

5. Tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Mütəxəssis qeyd edib ki, işçilərin haqq-hesab sənədləri onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. İşçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti də münasibət bildirib. Xidmətdən verilən açıqlamaya görə, hər dəfə əməkhaqqı verilərkən işçinin tələbi ilə o, kompüterin yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir.

Xidmətdən onu da açıqlayıblar ki, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təmin edilir: “ƏMAS-da “İstifadəçi səlahiyyətləri” bölməsi mövcuddur. Həmin bölmə vasitəsilə işəgötürən tərəfindən istifadəçi səlahiyyətlərinin verilməsi altbölməsi ilə səlahiyyətlərin ötürülməsi mümkündür. ƏMAS-a əlavə edilən yeni funksionallıqlar yalnız möhür səlahiyyətli işəgötürənlərin imzasına verilir. Digər şəxslərin istifadəsi işəgötürənin verdiyi icazə əsasında mümkündür”.

Fərqanə ALLAHVERDİQIZI

ƏMAS altsistemində son yeniliklər və vacib məqamlar haqqında məlumatı 17 may 2025-ci il tarixdə onlayn və əyani formada  keçiriləcək “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.