Əsas məzuniyyətin müddəti ilə bağlı yeni tələb nədir?
Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə
"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır. Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf
Əmək məzuniyyəti iki hissədən ibarətdir: əsas məzuniyyət və əlavə məzuniyyət. Əmək Məcəlləsinin 114-cü maddəsi əsas məzuniyyətin müddətlərini tənzimləyir. Qeyd edək ki, əsas məzuniyyət işçinin peşəsindən (vəzifəsindən) asılı olaraq 21 gün və ya 30 gün müddətində müəyyən edilir.
Əmək Məcəlləsinə edilən son dəyişikliklər məhz 30 gün müddətinə müəyyən edilən əsas məzuniyyətlərə aiddir. Dəyişikliklərə qədər Əmək Məcəlləsinin 114-cü maddəsinin üçüncü hissəsinin “b” bəndində qeyd edilirdi ki, məsul vəzifələrdə (vəzifənin məsuliyyəti işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə 30 gün müddətinə əsas məzuniyyət müəyyən edilir.
Maddənin tətbiqində ən çox problem yaradan məsələ məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına 30 gün müddətinə məzuniyyətin müəyyən edilməsi ilə bağlı idi. Belə ki, Əmək Məcəlləsinin tələbinə əsasən, vəzifənin məsuliyyəti işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməli idi və bu da praktikada fərqli yanaşmalara səbəb olurdu.
Digər mübahisəli məqam isə müəssisənin rəhbər işçiləri və mütəxəssisləri ilə bağlı idi. Bəzi işəgötürənlər hansı işçinin rəhbər işçi, hansının isə mütəxəssis hesab edildiyini ayırd etməkdə çətinlik çəkirdilər. Məsələn, MKS Academy-yə daxil olan suallardan biri də baş anbardara 30, yoxsa 21 gün müddətinə əsas məzuniyyətin verilməli olub-olmaması ilə bağlı idi.
Son dəyişiklikdən sonra Əmək Məcəlləsinin 114-cü maddəsinin üçüncü hissəsinin “b” bəndinə əsasən inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, eləcə də vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə 30 gün müddətində əsas məzuniyyət müəyyən edilir.
Maddə ilə bağlı vacib məqamlara ayrıca diqqət yetirək.
Birinci məqam dövlət qulluqçuları ilə bağlı edilən dəyişiklikdir. Əgər maddənin əvvəlki redaksiyası müəyyən suallar yaradırdısa, yeni redaksiyada artıq aydın şəkildə qeyd olunur ki, inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına 30 gün müddətində əsas məzuniyyət verilməlidir. Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qulluğunun inzibati vəzifəsi dedikdə dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən və dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi başa düşülür. Dövlət qurumu işçini inzibati vəzifəyə qəbul edirsə, onu mütləq olaraq 30 gün müddətinə əsas məzuniyyətlə təmin etməlidir.
İkinci dəyişiklik isə rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərlə bağlıdır. Əvvəlki redaksiyada müəssisənin rəhbər işçiləri və mütəxəssislərinin kimlərə şamil olunması müəmmalı hesab edilirdi. Son dəyişiklikdə isə konkret olaraq qeyd edilir ki, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə 30 gün müddətində əsas məzuniyyət verilir. İşçi işə qəbul edilərkən onun vəzifəsi vahid tarif-ixtisas sorğu kitabçasına əsasən rəhbər və ya mütəxəssis kateqoriyasına aid edilirsə, həmin işçi üçün 30 gün müddətində əsas məzuniyyət hüququ yaranır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahələr üzrə vahid tarif-ixtisas sorğu kitabçalarını təsdiq edir. Vahid tarif-ixtisas sorğu kitabçalarına əsasən vəzifələr dörd qrup üzrə formalaşdırılır: rəhbər, mütəxəssis, texniki icraçı və fəhlə. Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, vahid tarif-ixtisas sorğu kitabçalarına əsasən rəhbər və mütəxəssis kateqoriyasına aid edilən vəzifələr üzrə çalışan işçilər üçün əsas məzuniyyətin müddəti 30 gün müəyyən edilməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın