Beş addımlığımızda gürcü möcüzəsi

Beş addımlığımızda gürcü möcüzəsi

“MK”-nın əməkdaşı Anar Bayramov qonşu ölkədə sahidi olduğu, gördüyü mənzərələri jurnalın oxucuları ilə bölüşür

Vaxtilə, təxminən 5-6 il əvvəl Gürcüstana səfər edən azərbaycanlı tanışımdan belə bir əhvalat eşitmişdim. O danışırdı ki, təyyarə Tbilisi hava limanına enəndə uçuş zolağının pis vəziyyətdə olması salondakı azərbaycanlıların Bakı və Tbilisidəki vəziyyəti müqayisə etməsinə, hətta mübahisəyə başlamasına rəvac verib. Azərbaycanlıların mübahisəsinə yekunu tanışımın aşağıdakı sözləri vurub: Bakı hava limanında uçuş zolağı nə qədər hamar, düz olsa da, məni özümü orda daha nahamar hiss edirdim. Tbilisi hava limanına enəndə isə asfalt nə qədər kələ-kötür, çala-çökür olsa da, daxilən özümü daha azad və rahat hiss elədim, çünki korrupsiyasız, qanunların vətəndaşlar üçün işlədiyi bir ölkəyə qədəm qoyduğumuz hər halından bəllidi.

Ötən il dekabr ayının sonlarında, yeni il qabağı Gürcüstanı daha yaxından tanımaq məqsədilə bu ölkəyə səfər etdim. Son vaxtlar Azərbaycanda koorupsiyaya qarşı mübarizə adı altında aparılan proseslər məni Gürcüstan səfərimin təssuratlarını oxucularla bölüşməyə vadar etdi. Mən də bu kiçik yazı da gördüklərimi müqayisəli şəkildə Sizə çatdırmağa çalışdım. Bilmirəm, buna nail ola bildimmi?

SAAKAŞVİLİNİ SEVMƏK ONA NİFRƏT ETMƏK QƏDƏR ASANDIR

Balakəndəki gömrük məntəqəsində gürcülər tərəfindən xoş üzlə qarşılanıb sərhəddi keçdikdən sonra yaşı təxminən 55-60 arasında olan sürücünün idarə etdiyi taksi ilə Laqodexi rayonundan Tbilisiyə yola düşürük. Yol uzaq olduğundan necə deyərlər, söhbətlə “yola körpü salırıq”. Gürcü yol yoldaşımız Saakşvili hakimiyyətindən narazıdır. Narazılığını onunla izah edir ki, ölkədə hətta ən xırda qayda pozuntusuna görə cərimə tətbiq olunur. Sürücü bunu dövlət büdcəsinin doldurulması məqsədilə edildiyini deyir. Yol yoldaşımız təkcə cərimələrdən rəncidə deyilmiş. Danışdıqca dərdi açılan gürcü qardaş bizə ölkədə camaatın həyat şəraitinin çox aşağı olduğunu sübut etməyə çalışır. Üstəlik onu da deyir ki, hər hansı “levı” yolla pul qazanmaq da mümkün deyil. Azərbaycandakı qaynarlığa, vur-çatlasına, “yüksələn həyat şəraitinə” (ifadə gürcü sürücüyə məxsusdur) gürcülərin həsrətlə baxdıqlarını yana-yana söyləyən taksi sürücü yol uzunu Saakaşvili hakimiyyətinin əleyhinə od püskürə-püskürə bizi Tbilisiyə catdırdı.
Tbilisi avtovağzalından otelə getmək üçün yenidən taksi tutmalı oluruq. Bu dəfəki taksi sürücüsü Kaku qısa yolda bizə bütün həyat tarixçəsini danışdı, dünyagörüşünü, ölkədəki islahatlara yanaşmasını ortaya qoydu. Özünün dediyinə görə, uzun müddət Amerikada yaşamış Kaku Gürcüstandakı qayda-qanundan, qiymətlərin ucuzluğundan, Tbilisinin gündən-günə gözəlləşməsindən ağızdolusu danışdı və bütün bu gözəlliklərin baş memarı kimi Saakaşvilini göstərdi. Azərbaycandan olduğumuzu biləndə fəxrlə dedi ki, sizin Gürcüstanla sərhəd rayonlarınızda yaşayanlar müalicə üçün Bakıya getmirlər, Tbilisiyə gəlirlər. Kakunu dediyinə inansaq, bizimkilər Bakının əvəzinə Tbilisini seçmələrini səhiyyə xidmətinin keyfiyyətinin yüksək, qiymətinin ucuz olması ilə əsaslandırılıblar.
Gürcü sürücüyə qulaq asa-asa ikirləşirəm ki, bura Qafqazdır. Burda olmayanı da olan kimi qələmə vermək, başqasının qarşısınnda öyünmək qafqazlıların köhnə xəstəliyidir. Nə gizlədim, mənim də qafqazlı xəstəliyim baş qaldırır, əks hücuma keçməyin vaxtının çatdiğinı hiss edirəm. Xüsusən də, bu həkim məsələsi məni təbdən çıxarıb, gündə bir tibbi mərkəz, hospital açılan ölkənin vətəndaşı kimi bizimkilərin Tbilisiyə üstünlük verməsini şənimə sığışdıra bilmirəm. Kakuya cavabını bildiyim sualı verirəm: Sizdə benzinin litri neçəyədir? Gürcü sürücü heç nədən şübhələnmədən cavab verir: 1,95 lari (təxminən 2 dollar -red). Bu yerdə əsl qafqazlı kimi fəxarətlə Azərbaycanda benzinin Gürcüstandakından 2 dəfə uçuz olduğunu deyirəm. Kakunun buna da cavabı hazırdı: “Düzünə baxsan, əgər Azərbaycanın nefti Gürcüstanda olsaydı indi yəqin burda benzin pulsuz olardı”.
Bu cavabdan sonra müqayisənin yetərsizliyini görüb otelə qədər susmağa üstünlük verirəm.

GÜRCÜ POLİSİ – QAFQAZDA AVROPA NÜMUNƏSİ

Əksəriyyəti 25-35 yaşlarında olan yol polislərinə Gürcüstan yollarında tez-tez rast gəlmək olur. Bizimkilərdən fərqli olaraq onlar hardasa saatlarla lövbər salıb, radar qurmurlar, dayananda da yol hərəkətini nizamlamaq, qayda pozuntularını protokollaşdırmaq və vətəndaşlara yol göstərməklə məşğul olurlar. Polislərə yaxınlaşan vətəndaşları (fərqi yoxdur, yerli olsun, ya xarici) çox mehribanlıqla qarşılayır, səbrlə dinləyir, getmək istədikləri yeri dəqiqliyi ilə başa salmağa cəhd edirlər. Tbilisidə gəzərkən yol hərəkəti qaydasını pozmuş sürücünün yol polisi tərəfindən saxlanılmasının şahidi oldum. Yol polisi əməkdaşı qaydanı pozmuş maşını saxlatdıqdan sonra maşında əyləmiş sürücüyə yaxınlaşaraq özünü təqdim etdi. Ona hansı qaydanı pozduğu barədə məlumat verdikdən sonra sürücünün sənədlərini alaraq yenidən öz maşınına qayıtdı. Maşında protokolu doldurduqdan sonra bank üçün ödəniş üçün qəbzi yazaraq sürücüyə təqdim etdi.
Düzü, sürücünün lal-dinməzliyi, cəzasını belə asanlıqla qəbul eləməsi mənim təəccübümə səbəb oldu. Yadıma Vətən düşdü. Bizdə qayda pozuntusuna görə saxlanIlan hər 10 sürücüdən 7-8-nin yol polisi ilə mübahisə etdiyini, protokol yazılmaması üçün müxtəlif vasitələrə (zəng, vəsiqə, tanışlıq cəhdi və nəhayət pul təklifi) əl atdığını xatırladım. Bilmədim, həsəd aparım, gürcülərin paxıllığını çəkim, yoxsa lovğalanım.
Gürcüstanda bəzi qadağan olunmuş yerlərdə maşın saxlayanda evakuvatorlar avtomobili cərimə meydancasına aparır. Amma bizdəkindən fərqli olaraq maşınların park edilməsi qadagan olunan bu tip yerlərə elan vurulur ki, burda dayanan maşınları evakuatorlar cərimə meydançasına aparacaq. Həm yaxşı təcrübə nümunəsi, həm də maraq xatirinə belə bir elanı fotoaparatın yaddaşına köçürürəm. Şəkildən gördüyünüz kimi, cərimə meydançasına aparılan maşınla bağlı məlumat almaq, ora-bura vurnuxub vaxt itirməmək üçün elanda telefon nömrələri də verilib. Elandan söz düşmüşkən, Gürcüstanda ilk dəfə taksiyə minəndə maşının “bardoçoku” üzərinə yapışdırılmış gürcü dilində elan diqqətimi çəkdi. Sürücüdən elanda nə yazıldığını soruşdum. Bildirdi ki, elanda sərnişinlərdən xahiş olunur ki, kəmərinizi bağlayın. Bu ölkədəki qaydaya görə, əgər sərnişin kəmərini bağlamasa, 20 larilik cəriməni sürücü ödəməlidir. Gürcüstanda olduğum bir həftədə nə kəmərsiz sərnişin, nə də sürücü gördüm.

BÜTÜN XÖŞBƏXTLƏR BİR-BİRİNƏ OXŞAYIR, GÜRCÜLƏR DƏ ONLARA

Gürcüstanda qiymətlər (ərzaq, qeyri-ərzaq, xidmət) Azərbaycandakından demək olar ki, ən azı 2 dəfə ucuzdur. Dediyim kimi Gürcüstanda benzin Azərbaycandakından iki dəfə baha olsa da, taksi xidməti çox ucuzdur. Təsəvvür edin ki, 5 lariyə (təxminən 2,50 manata) Tbilisini başdan-ayağa gəzmək olar. Otel qiymətləri adambaşına 30-40 lari ( təxminən 15-20 manat) arasında dəyişir. Otellərin bəzilərində hətta belə bir gözəl xidmət də təklif edirlər: 20 lari (təxminən 10 manat) əlavə ödə, gündə 3 dəfə pulsuz yemək ye. Rəsmi statistik məlumatlara görə, bu ölkədə orta aylıq əməkhaqqı təxminən 600 laridən yüksəkdir. Dövlət qulluqçularının orta aylıq maaşı isə bir qədər yüksəkdir: 800 lari. Amma müşahidələrimə və gürcülərlə bu mövzuda etdiyim söhbətlərdən çıxardığım qənaətə görə, Gürcüstanda 300-400 lari arası əməkhaqqı alan böyük bir təbəqə var. Elə Tbilisi küçələrində də kasıblara tez-tez rast gəlmək olar. Kücələrdə əllərində tum, təqvim, dəsmal və digər xırdavat satan satan satıcılarıları görmək adi haldır. Amma çox qəribədir ki, gürcülərin ən kasıbının belə sifətindən xöşbəxtlik yağır. Yadima Tolstoyun məşhur kəlamı düşür, istər-istəməz kədərlənirəm: “Bütün xöşbəxt ailələr bir-birinə oxşayır, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdir”.

GÜRCÜSTANDA AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR

Qürbətdə olanda adamın gözü hər yerdə Vətəni xatırladan nəsə - tanış üz, tanış söz, tanış marka axtarır. Bu mənada Gürcüstanda darıxmadıq. Qonşu ölkədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma stansiyalarıları tez-tez rastımıza çıxırdı. Bundan əlavə, qaz sayğaclarının da üzərində SOCAR-ın adı həkk olunmuşdu. Tbilisi-Rustavi yolunu tikintisi isə “Accord” firması tərəfindən uğurla həyata keçirilir. Tbilisidə təsadüfən tanış olduğum meyvə-tərəvəz satıcısı Nofəl Saakaşvili hakimiyyətinin azərbaycanlılara olan xoş münasibətindən danışdı. Onun sözlərinə görə, əvvəllər gürcü hakimiyyət orqanları azərbaycanlılara münasibətdə ayrı-seçkilik siyasəti aparırdı, indi isə o qeyri-xoş münasibətdən əsər-əlamət qalmayıb.

SALAMAT QAL, GÜRCÜSTAN, YENƏ GÖRÜŞƏRİK

Gürcüstanını ərazisinə daxil olanda sərhəddə bizi necə xoş sifətlə qarşılamışdılarsa, eləcə də yola salırlar. Yüklərin yoxlanılması kompüterlər vasitəsil aparıldığından sərhədçilərlə demək olar ki, təmasda olmursan. Sadəcə, pasportunu təqdim edib, sonra geri alırsan.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bizim gömrükçülər öncə yüklərin açılmasını və boşaldılmasını tələb etdilər. Bundan sonra hətta cibimizdəkilərin belə stolunun üstünə boşadılması lazım gəldi.
Ən məzəli hadisə Balakəndə, Bakıya qayıtmaq üçün qatara bilet almaq istəyəndə başıma gəldi. Kassir Gürcüstandan gəldiyimi biləndən sonra dil qəfəsə qoymayıb qonşularımızı tərifləməyə, özümüzü pisləməyə girişdi. Biletin pulunu ödəyib kassadan ayrılandan sonra onun nə qədər haqlı danışdığına bir daha əmin oldum, kassir məndən 1 manat 40 qəpik artıq almışdı.
Yolda vaqonun bələdçisi ilə hər ünsiyyətimizdə - 1 stəkan çayı 50 qəpikdən satanda da, boş vaqonda da yerimizi dəyişməyə 5 manat alanda da zalım balası gürcüləri tərifləməkdən doymurdu.
P.S. Gürcüstanda indi Sizə danışacağım mənzərəni yazmamağa özümə söz vermişdim. Ancaq sərhəddi keçəndən sonra gördüklərim əsəblərimi necə qaşıdısa, yazmaqdan özümü saxlaya bilmədim. Qonşu ölkədə olarkən polis idarələrinin birinin qarşısından keşərkən gördüklərimizə məəttəl qaldıq. Yol polisi əməkdaşı qolunu-qılçını çırmayıb, cani-dildən əlindəki su şlanqı və şotka ilə xidməti maşınını yuyurdu. Düzü, çırmanmağa qalanda, elə biz də belə çırmanırıq. İş görməyə gəlincə... Allah Sabirə rəhmət eləsin.
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş.
Ay bərəkallah nə gözəl canlarıq...

 

0 Komment

    Şərh yazın

    Xəbərlər