Əlavə məzuniyyətlə bağlı Konstitutsiya Məhkəməsinin qərarı necə əsaslandırılıb?
Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə
Qərarda qeyd edilir ki, əmək müqaviləsinə xitam zamanı istinad edilən əsas əmək məzuniyyəti işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə müəyyən olunan və minimum müddətləri Əmək Məcəlləsinin 114-cü maddəsinin 2 və 3-cü hissələrində nəzərdə tutulan (müvafiq olaraq 21 və ya 30 təqvim günündən az olmayan) məzuniyyətdir. Yəni bu, əmək məzuniyyətinin elə bir hissəsidir ki, xüsusi əmək şəraiti, işin xarakteri və bu kimi digər hallar nəzərə alınmadan əmək münasibətlərinin subyekti olan hər bir işçinin istirahət edə bilməsi üçün zəruri olan minimal müddəti ifadə edir.
Qərarda həmçinin qeyd edilir ki, ədalət, bərabərlik kimi konstitusion prinsiplərdən, eləcə də sosial dövlət yanaşmasından irəli gələrək qanunvericilikdə bir qrup şəxslər üçün əmək məzuniyyətinin daha uzun müddətləri, eləcə də əlavə məzuniyyət hüququ tanınmışdır. Belə ki, hazırda Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:
- əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (115-ci maddə);
- əmək stajına görə əlavə məzuniyyət (116-cı maddə);
- uşaqlı qadınların əlavə məzuniyyəti (117-ci maddə);
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti (118-1-ci maddə).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əldə etdiyi əlavə məzuniyyət günlərini hər hansı səbəbdən, o cümlədən işəgötürəndən asılı olan hallara görə istifadə edə bilməyən işçinin bu halın nəticələrini aradan qaldırmağa xidmət edən kompensasiya hüququndan da istisnasız şəkildə məhrum olunması, nəticə etibarilə həmin hüququn həqiqi mahiyyətini itirərək formal xarakter daşımasına gətirib çıxarır. Bu səbəbdən şəxsin əmək məzuniyyəti hüququnun realizəsi ilə bağlı müəyyən edilmiş belə məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmək münasibətləri davam edən işçilərlə bu münasibətlərinə xitam verilmiş işçilər arasında qeyri-bərabərlik yaradan və haqq-ədalət prinsipinə uyğun olmayan belə hüquqi vəziyyət Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir.
Qərarın dördüncü hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunsun.
Maddənin tələbindən göründüyü kimi, işəgötürən qərar qüvvəyə mindikdən sonra əmək müqavilələrinə xitam verilməsi zamanı kompensasiya hesablamalarında bu hüquqi mövqeni nəzərə almalıdır. Eləcə də məhkəmələrin icraatında olan müvafiq işlər zamanı da Konstitutsiya Məhkəməsinin qərarı əsas götürülməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın