Bəzi hallarda işəgötürənlər və ya onların insan resursları bölməsini idarə edən şəxslər məzuniyyət əmrlərini elektron sistemə daxil edərkən yanlışlıqlara yol verirlər. ƏMAS-ın mövcud funksiyaları isə onu dərhal düzəltməyə imkan vermir. Yanlışlıq düzəlmədikcə digər əmrlərin elektron sistemə daxil edilməsi də ləngiyir. Bəs bu halda işəgötürənlər necə davranmalıdır?

Sualımıza Dövlət Əmək Müfəttişliyinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir muavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva aydınlıq gətirib. Onun sözlərinə görə, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyin tələbi deyil. Bu, sadəcə, ƏMAS-ın funksionallığının artırılmasıdır: “Sistemdə yaranan hər hansı texniki yanlışlıqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanmalıdır. Onun əsasında həmin xətanın silinib-silinməməsi ilə bağlı məsələyə toplanmış sənədlər əsasında 15 gün müddətində baxılır. Əlavə araşdırma tələb olunarsa, müddət daha 15 gün uzadıla bilər. Hazırkı şəraitdə elektron sistemdə məzuniyyət əmrinin yerləşdirilməsində ortaya çıxan yanlışlıq digər əmrlərin verilməsində məhdudiyyət yaratmır. İşəgötürən digər işçilərin hüquqlarını məhdudlaşdırmadan kağız üzərində növbəti əmrləri hazırlayıb imzalaya bilər. Qanunvericilik də bunu tələb edir”.

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az