Anar Bayramovun təqdimatında: Nağdsız hesablaşmalar haqqında” Qanunla bağlı YENİ maliyyə sanksiyaları

Anar Bayramovun təqdimatında: Nağdsız hesablaşmalar haqqında” Qanunla bağlı YENİ maliyyə sanksiyaları

Nağdsız hesablaşmaların vergi öhdəliklərinin yerinə yetirilməsinə nəzarət olunmasında müstəsna əhəmiyyəti var. İqtisadçı ekspert Anar Bayramov “vergiler.az”ın oxucularını “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları barədə məlumatlandırır.

1 yanvar 2022-ci il tarixdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsinə əlavə edilən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir:

• ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər (Maddə 3.4.10.);

• pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər (maddə 3.4.11.);

• tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər (Maddə 3.4.13.);

• “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları). (Maddə 3.4.14.)

Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə məsuliyyət tədbiri nəzərdə tutulub.

Misal 1: Maşın salonunun sahibi olan vergi ödəyicisi maşınların satışını nağd qaydada həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Avtomobilinin dəyəri ödəniş terminalı vasitəsilə ödənilib. Bu halda satışı həyata keçirən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.2-ci maddəsinə əsasən, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab edilir.

Misal 3: Vergi ödəyicisi hüquqi və fiziki şəxslərin mülkiyyətində olan maşınları avtomobil salonlarına yerləşdirərək satır. Maşınlar satılandan sonra maşın sahibləri satışa görə vergi ödəyicisinə komisyon haqqı ödəyirlər. Vergi ödəyicisi komisyon qaydada avtomobil salonundan nəqliyyat vasitəsini nağd qaydada satanda ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.9-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 4: Mülkiyyətindəki avtomobili maşın bazarında nağd pula satan vətəndaşa hər hansı maliyyə sanksiyası tətbiq olunmayacaq.

Misal 5: Vergi ödəyicisi pərakəndə satış qaydasında bir əməliyyat üzrə 5.000 manatlıq mallar nağd qaydada satıb. Bu halda, vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunacaq. Amma maliyyə sanksiyası nağd əməliyyatın tam məbləğinə, yəni 5.000 manata yox, 1.000 manata, yəni qanunla müəyyən edilən 4.000 manatlıq limitdən yuxarı olan hissəyə tətbiq ediləcək.

Misal 6: Mebel avadanlıqları satan vergi ödəyicisi vətəndaşa 3.000 manatlıq yataq mebelini və 3.500 manatlıq mətbəx mebelini nağd formada satıb. Bu halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmayacaq. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunda hər əməliyyat üzrə 4.000 manatlıq limit müəyyənləşdirilib.

Tibbi xidmətlərin dəyəri nağd qaydada qəbul edildikdə…

Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Tibb müəssisəsi tərəfindən vətəndaşın cərahiyyə əməliyyatının dəyəri 5.000 manat müəyyənləşdirilib. Vergi ödəyicisi həmin vəsaiti nağd şəkildə qəbul edərsə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, 4.500 manat üçün (5.000 (nağd ödənişin məbləği) – 500 (qanunla nağd formada icazə verilən məbləğin maksimum həddi) maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Tibb müəssisəsi vətəndaşın müayinə xərclərinin məbləğini 4.000 manat müəyyən edib. Vergi ödəyicisi həmin məbləği tibbi müəssisənin bank hesabına ödəyib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.3-cü maddəsinə əsasən, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşma hesab olunduğu üçün vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3: Tibb müəssisəsinə 1.200 manatlıq xidmət haqqı qarşı tərəfdən POS-terminal vasitəsilə ödənilib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülmə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) nağdsız hesablaşma hesab edilir. Bu səbəbdən də POS-terminal vasitəsilə həyata keçirilən əməliyyata görə Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilməyəcək.

Uduşlar nağd qaydada verildikdə…

Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə də maliyyə sanksiyası tətbiq edilir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsində nağd hesablaşmaya görə maliyyə sanksiyası tətbiq edilən iki tərəf var:

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar);

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Misal 1: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə 5.000 manat məbləğində uduşu nağd formada təqdim edib. Vergi orqanı Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, vergi ödəyicisinə 2.000 manatlıq (5.000 manat (tam nağd ödənişin məbləği) – 3.000 manat (“Nağdsız hesablaşmalar haqqında” Qanunla icazə verilən nağd ödənişin maksimum məbləği)) məbləğə maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı 2.000 manatlıq pul ödənişlərini nağd qaydada qəbul edib. Vergi orqanı həmin ödənişin qəbul edilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq edəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər