İlqar Əsədovun təqdimatında: Vergitutma məqsədləri üçün maliyyə lizinqi

İlqar Əsədovun təqdimatında: Vergitutma məqsədləri üçün maliyyə lizinqi

Təcrübədə, adətən, “maliyyə lizinqi” və ya sadəcə “lizinq” adlandırılan anlayış, əslində, maliyyə icarəsi deməkdir. Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Mövzunu mühasibat mütəxəssisi İlqar Əsədov şərh edir.

Maliyyə lizinqi və ümumiyyətlə lizinq əməliyyatları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli ilə tənzimlənir.

Lizinq bir növ əmlak kirayəsi olduğundan Mülki Məcəllənin əmlak kirayəsinə dair müddəaları lizinqə də tətbiq edilə bilər: bir şərtlə ki, onlar Mülki Məcəllənin 38-ci fəslinin müddəalarına zidd olmasın. Lizinq müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Lizinq münasibətlərində, adətən, üç tərəf olur: satıcı, lizinq müəssisəsi və icarəyə götürən, başqa sözlə, satıcı, lizinq verən və lizinq alan. Lakin bəzən elə hal da olur ki, lizinq münasibətlərində cəmi iki tərəf olur – icarəçi özünə məxsus olan əmlakı lizinq müəssisəsinə satır və sonra ondan həmin əmlakı lizinq formasında icarəyə götürür. Buna “qayıdan lizinq” deyilir və bunu, adətən, maliyyə ehtiyacı duyan müəssisələr edir. Bu, bir növ, əmlakı girov qoyub kredit götürməyə bənzəyir.

Lizinq müqaviləsinin obyekti istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak, qısacası, qanunvericiliklə müəyyən edilmiş istisnalar xaric istənilən daşınar və daşınmaz əmlak ola bilər. Bir qayda olaraq maliyyə lizinqi vasitəsilə əmlak üzərində mülkiyyət hüququ müqavilə bitənə qədər lizinq verəndə qalır, qarşı tərəfə isə sahiblik və istifadə hüquqları keçir.

Mülki Məcəllənin 38-ci fəsli “Lizinq” adlansa da, orada maliyyə lizinqi ilə də bağlı müddəalar var. Bununla belə, maliyyə lizinqinin nə olduğu, lizinqin hansı forması olduğu Mülki Məcəllə ilə tam müəyyən edilməmişdir.

Lizinq əməliyyatları beynəxalq təcrübədə geniş yayıldığına görə deyə bilərik ki, icarə münasibətlərinə çox oxşayır və sanki onun xüsusi formasıdır. Lakin üçtərəfli olması, lizinq obyektinin lizinq məqsədləri üçün alınması və s. hallar ilə icarədən fərqlənir. Bu baxımdan müştərinin sifarişi olmadan lizinq şirkəti tərəfindən alınan, qısamüddətliliyi ilə seçilən lizinqə operativ lizinq, əmlakın alıcı tərəfindən sifariş edilərək lizinq verən tərəfindən alındığı, hətta bəzən birbaşa lizinq alana təqdim edildiyi və uzunmüddətliliyi ilə seçilən lizinqə isə maliyyə lizinqi deyə bilərik.

Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Vergi Məcəlləsinin 140.2-ci maddəsinə görə, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır :

  • lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;
  • icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;
  • icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
  • icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır;
  • icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Münasibətləri həm ayrıca, yəni məsələn lizinq verənlə (lizinq müəssisəsi) satıcı arasında adi alğı-satqı müqaviləsi və lizinq verənlə lizinq alan (icarəyəgötürən) arasında lizinq müqaviləsi bağlamaqla və ya üçtərəfli müqavilə bağlamaqla tənzimləmək mümkündür. Lakin müqavilədə həmin əmlakın lizinq məqsədilə alındığı mütləq şəkildə göstərilməlidir. Müqavilədə həmçinin lizinq obyektinin dəqiq təsviri, lizinq obyektinin balans uçotunun qaydası, lizinq obyektinin saxlanması və təmiri qaydası kimi məlumatlar da mütləq qeyd edilməlidir.

Nəticə etibarilə maliyyə lizinqi vasitəsilə satıcıdan birbaş almaq imkanı olmayan müəssisələr bu və ya digər əmlakı, vərdiş etdiyimiz dildə desək, lizinqə salaraq alır və mütəmadi olaraq əmlakın dəyərindən və lizinq verən şirkətin faizindən (mükafatından) ibarət məbləği ona ödəyir. Həmin gəlirlər lizinq verənin vergitutulan gəlirlərinə aid edilir. Lizinq alan isə əgər lizinq dövründə əmlakı öz balansına ala bilməmişdirsə, ən geci lizinq müqaviləsi ilə mülkiyyətinə keçdikdə əsas vəaitləri kimi dəyərləndirir və uçota alır, lizinq verənə ödədiyi faizləri isə gəlirdən çıxılan faizlərə aid edir.

Onu da qeyd edək ki, maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsi ilə maliyyə xidmətlərinə aid edilmişdir. Maliyyə xidmətləri isə ƏDV məqsədləri üçün ƏDV-dən azad olunan xidmətlər sayılır.

Yuxarıda qeyd etdiyimiz kimi, lizinq alan müqavilədə razılaşdırılmış formada əmlakı öz balansına ala bilirsə, bunu edir və eyni zamanda Vergi Məcəlləsinin icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri ilə bağlı müddəalarını tətbiq edir. Əks halda, maliyyə lizinqinin obyekti olan əmlak üzrə təmir xərclərini 115-ci maddəyə görə gəlirdən çıxmaq olmaz. Təəssüf ki, təcrübədə bir çox mühasiblərin yalnış olaraq bu məsələdə səhvə yol verdikləri ilə rastlaşırıq.

Lizinq alan müəssisələr üçün “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə tanış olmaq da faydalı olar.

Onu da qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun 3.4.1-ci maddəsinə uyğun olaraq lizinqlə bağlı borc ödənişləri yalnız nağdsız qaydada ödənilə bilər. Bu tələbin pozulmasına görə vergi ödəyicilərinə 10, 20 və 40 faiz dəyərində maliyyə sanksiyaları tətbiq edilə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər