Elçin Nəbiyev: "Çətin situasiyalarda sürətli qərarvermə bacarığımın kəşfi üçün faydalı oldu"

Elçin Nəbiyev: "Çətin situasiyalarda sürətli qərarvermə bacarığımın kəşfi üçün faydalı oldu"

Yeni qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin Kommunikasiya şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Nəbiyevin müsahibəsini təqdim edirik

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir. 2021-ci ildə keçirilmiş ilk müsabiqənin 22, bu il isə 16 qalibi olub. Yeni qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin Kommunikasiya şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Nəbiyev “vergiler.az”a müsahibəsində müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb.

E.Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin 2010-cu ildə bakalavr, 2014-cü ildə magistr pilləsini bitirib. 10 ilə yaxındır ki, vergi orqanlarında xidmət edir.

- Müsabiqədə iştirak etməyə başladıqda bütün mərhələlərdən keçərək qalib olacağınıza inanırdınızmı?

- Bəli. Mən 1-ci “Uğur yolu” müsabiqəsində də finalçı olmuşdum. Lakin təəssüf ki, qalib ola bilməmişdim. “Uğur yolu” müsabiqəsi ikinci dəfə elan olunanda isə qarşıma yalnız bir məqsəd qoymuşdum: qalib olmaq. Bu müsabiqədə iştirak etdikdən sonra bir daha əmin oldum ki, bəzən həyatımızda baş verən məğlubiyyətlər yeni uğurların başlanğıcı olur.

 - “Uğur yolu” müsabiqəsinin rəqabətlilik səviyyəsini necə qiymətləndirirsiniz? İştirakçılar arasında rəqabət güclü idimi?

- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Bundan əlavə, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 20-yə yaxındır. “Uğur yolu” müsabiqəsinə nazirliyin, demək olar ki, bütün qurumlarının əməkdaşları qoşulmuşdu. Zənnimcə, bu səbəbdən müsabiqədə rəqabət olduqca güclü idi.

- Müsabiqədə iştirak etdikdən sonra özünüzdə hansı potensialı kəşf etdiniz?

- Ötənilki müsabiqənin finalçısı olduğum üçün təlimlərdə iştirak edib yeni təcrübə, biliklər, bacarıqlar qazandım. Düşünürəm ki, hər iki müsabiqədə uğurlu iştirakım emosional zəkamın, müəyyən çətin situasiyalarda sürətli qərarvermə bacarığımın kəşfi üçün faydalı oldu.

- “Uğur yolu” müsabiqəsi özünüinkişafın təmin edilməsində nə kimi rol oynayır?

- Müsabiqənin qaydalarına əsasən, qaliblər üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında iqtisadiyyat naziri ilə, eləcə də nazirliyin digər rəhbər vəzifəli şəxsləri ilə görüşlər, təlim və inkişaf proqramlarına qatılmaq, fərdi kouçinq, mentorluq proqramında iştirak etmək, daha yüksək vəzifələr üçün kadr ehtiyatı bazasına daxil olmaq fürsəti var. Yuxarıda sadalanan hər bir tədbir, zənnimcə, işçinin inkişafına xüsusi töhfə verə bilər. Yuxarıda qeyd etdiyim kimi, bundan əvvəlki “Uğur yolu” müsabiqəsinin finalçısı olduğum üçün bir sıra təlimlərə qatıldım və yeni biliklər əldə etdim. Təlimlər ölkəmizin tanınmış və öz sahəsinin ən öndə gedən mütəxəssisləri tərəfindən keçirilirdi. Bu səbəbdən, müsabiqənin qalibləri üçün nəzərdə tutulmuş tədbirlərin icrasından gözləntilərim böyükdür.

- Sizcə, müsabiqənin ən çətin və daha məsuliyyətli mərhələsi hansı idi?

- Üç mərhələdən ibarət olan müsabiqənin birinci mərhələsində iştirakçılar onlayn test imtahanından keçməlidirlər. Test imtahanı 2 mərhələdən - qabiliyyət, sosial intellekt və liderlik potensialının qiymətləndirilməsi testlərindən ibarətdir. Yarımfinal mərhələsində isə iştirakçılara onlayn formatda bir sıra situasiya tipli tapşırıqlar verilir. İştirakçıların bilik və bacarıqları onlayn formatda müxtəlif tapşırıqlar əsasında qiymətləndirilir.

İki gün davam edən final mərhələsinin birinci günü yenə iştirakçılara biznes-keys tipli tapşırıqlar verildi və bu zaman namizədlərin çıxışını ekspertlər qiymətləndirirdi. Finalın ikinci günündə isə müsabiqə iştirakçılarına komandalar şəklində mövzular verildi. Hər bir iştirakçı qısa müddət ərzində nazir Mikayıl Cabbarovun və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin qarşısında təqdimatla çıxış etməli idi. Fikrimcə, müsabiqənin final mərhələsi olduqca həyəcanlı, gərgin və məsuliyyətli oldu.

- “Uğur yolu”nun gələcək iştirakçılarına nələri tövsiyə edərdiniz?

- “Uğur yolu” karyera inkişaf proqramı ölkəmizdəki dövlət qurumları arasında ilk dəfə İqtisadiyyat Nazirliyi tərəfindən keçirilir. Bu müsabiqə intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşların seçilməsi, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq bacarıqlarının artırılması məqsədilə təşkil olunub. Məhz bu məqam İqtisadiyyat Nazirliyinin rəhbərliyinin öz əməkdaşlarının şəxsi inkişafında maraqlı olduğunu göstərir. “Uğur yolu” müsabiqəsinin gələcək iştirakçılarına tövsiyəm budur ki, müsabiqədə iştirak etməkdən çəkinməsinlər. Bu, onlara öz zəif və güclü tərəflərini aşkar etməyə yardım edəcək. Bundan savayı, müsabiqədə iştirak etmək və müəyyən mərhələlərə gəlib çatmaq əməkdaşların tanınmasına, rəhbər şəxslərlə görüşlərdə iştirak etməklə təcrübə əldə etməyə imkan yaradır.

İlhamə İSABALAYEVA

 

0 Komment

    Şərh yazın

    Xəbərlər