Aprel 6-si sürücülərin qara günü olacaq?

Aprel 6-si sürücülərin qara günü olacaq?

Dayanma, daşıma və əks istiqamə hərəkət qaydalarının pozulmasına görə də cərimələrin məbləği artırılır

Dayanma, durma və parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin məbləğinin artırılması təklif olunur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə bu və ya digər pozuntulara görə cəzaların sərtləşdirilməsi təklif olunur.

Yeni qanun layihəsində qeyd olunur ki, dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə 20 manat cərimə müəyyən edilib. Hazırda qüvvədə olan qanuvericilikdə isə cərimənin məbləği 15 manatdan 20 manatadək müəyyən edilib.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə isə cərimənin məbləğinin 40 manata qaldırılması təklif olunur. Hazırda bu cərimənin məbləği 15 manatdan 20 manatadəkdir.

Layihədə ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 60 manat məbləğində cərimə nəzərdə tutulub. Hazırda bu cərimənin məbləği 40 manatdan 60 manatadəkdir.

Digər bir dəyişiklikdə isə yuxarıda qeyd olunan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsində olmadığı və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı hallarda şəxsin iştırakı olmadan inzibati protokoun tərtib edilməsi nəzərdə tutulur.

Bu halda protokol müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin məlumatı əsasında həmin avtomobilin istifadəçisi barədə foto və ya video çəkiliş aparılmaqla tərtib edilir. İnzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokolun bir surəti isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə xətanın törədildiyi vaxtdan 2 gün müddətində rəsmi qaydada verilir.

Məcəlləyə təklif olunan digər bir dəyişiklikdə nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə cərimələrin məbləğinin də artırılması təklif olunub.

Belə ki, bu pozuntuya yol vermiş fiziki şəxslər 100 manat (hazırda yetmiş manatdan yüz manatadək), vəzifəli şəxslər beş yüz manat (hazırda üç yüz manatdan beş yüz manatadək), hüquqi şəxslər beş min manat (hazırda üç min manatdan beş min manatadək) miqdarda cərimələnəcəklər.

Digər əlavədə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə cərimənin məbləği 100 manat məbləğində təklif olunur (Hazırda bu cərimənin məbləği 20 manatdan 40 manata qədərdir).

İnzibati Xətalar Məcəlləsinin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə cərimənin məbləği 200 manat miqdarında müəyyən edilməsi təklif olunur. Bu pozuntuya görə nəqliyyat vasitələrini idarəetmə hüququnun bir ilədək müddətə məhdudlaşdırılması da nəzərdə tutulur (Hazırda bu pozuntuya görə 100 manatdan 140 manatadək cərimə və ya nəqliyyat vasitələrini idarəetmə hüququnun bir ilədək müddətə məhdudlaşdırılması cəzası tətbiq olunur).

Qanun layihəsi Milli Məclisin aprelin 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

0 Komment

    Şərh yazın

    Xəbərlər