Çərşənbə, 19 Yanvar 2022 09:00

Nəzarət-kassa aparatı ilə bağlı tətbiq olunan YENİ maliyyə sanksiyasının mahiyyəti

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

1 yanvar 2021-ci il tarixindən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən”  sözləri əlavə edilib. Maddədən göründüyü kimi, maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdə qeyd edilir ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.

Maddənin tələblərini misallarla izah etmədən öncə, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələbləri nəzərdən keçirək. Həmin maddəyə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

-  vergi ödəyicisinin adı;

- VÖEN-i;

- çekin vurulmasının tarixi və saatı;

- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);

- malın sürətli məlumat kodu (Quick Response Code);

- ödənilmiş məbləğ; 

- müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

- ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

- çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

- geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Mİsal 1. Tikinti avandanlıqlarının pərakəndə satışını həyata keçirən ƏDV ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə nağd hesablaşmaları həyata keçirir. Amma nəzarət-kassa aparatının çekinin üzərində ƏDV-nin məbləği qeyd edilməyib. Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri zamanı pozuntunu aşkar etdikdə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 2. Geyim mallarının pərakəndə satışını həyata keçirən vergi ödəyicisinin NKA çekində malın adı qeyd olunmayıb. Vergi Məcəlləsinin 58.8-ci maddəsi üzrə pozuntu təqvim ili ərzində ikinci dəfə baş verdiyi üçün, vergi orqanı tərəfindən 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 3. Operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalar zamanı kassa çekini təqdim etməyib, bundan əlavə, nəzarət-kassa aparatı çekində ödənişin forması və üsulu haqqında məlumat qeyd edilməyib. Hər iki hal Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tənzimləndiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin bir təqvim ili ərzində yol verdiyi pozuntunun sayına müvafiq məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

Sonda bir məsələni də qeyd edək ki, 1 yanvar 2022-ci ilədək də vergi orqanı tərəfindən nəzarət-kassa aparatınının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların əks olunmasının yoxlanması ilə bağlı vergi nəzarəti tədbirləri həyata keçirirdi. Vergi orqanı tərəfindən həmin əsaslarla tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergi ödəyicilərinin yuxarı vergi orqanı və məhkəməyə şikayətləri olurdu. Vergi ödəyiciləri hesab edirdilər ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların nəzarət-kassa çekində qeyd olunmaması həmin avandanlığın texniki tələblərə cavab verməməsi kimi qiymətləndirilməməlidir. Bu səbəbdən də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə düzəliş edilməsi məqsədəuyğun sayılıb.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın