Anar Bayramovun təqdimatında: Nəzarət-kassa aparatlarının tətbiqində yenilik

Anar Bayramovun təqdimatında: Nəzarət-kassa aparatlarının tətbiqində yenilik

1 yanvar 2022-ci il tarixinədək, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov “vergiler.az” üçün şərh edir.

1 yanvar 2022-ci il tarixdən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, aşağıdakı vergi ödəyiciləri mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər:

  • pərakəndə ticarət fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər;
  • tibb müəssisələri;
  • bərbərxanalar;
  • gözəllik salonları;
  • kosmetoloji mərkəzlər.

Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatları tətbiq edəcək. Bərbərxanaların öhdəliklərinin icrası ilə bağlı ayrı-ayrı məqamlara misallarla nəzər yetirək:

Misal 1: Vergi ödəyicisi 3 bərbəri işə qəbul edərək bərbərxana xidməti göstərir. Bu vergi ödəyicisi 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməlidir. Həmin tarixə qədər isə nağd əməliyyatlar kassa mədaxil qəbzləri ilə rəsmiləşdirilirdi.

Misal 2: Vergi ödəyicisi fərdi qaydada, sabit qəbzlə bərbər xidməti göstərir. Bu vergi ödəyicisinin 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməsinə ehtiyac yoxdur. Cünki Vergi Məcəlləsinin 16.1.8.6-cı maddəsinə əsasən, Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada göstərilən bərbər fəaliyyətinə nəzarət-kassa aparatının tətbiqi istisna olunan hallara aid edilib.

Misal 3: Eyni obyektdə iki vergi ödəyicisi ayrı-ayrı icarə müqaviləsi ilə bərbər fəaliyyəti göstərir. 50 kvadratmetrlik obyektin 20 kvadratmetri bir, 30 kvadratmetri isə digər vergi ödəyicisinin istifadəsindədir. Bu halda da vergi ödəyicilərinin nəzarət-kassa aparatı tətbiq etməsi mütləq sayılmır.

Bərbər xidməti ilə bağlı bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 221.8.10-cu maddəsinə əsasən, Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Göründüyü kimi, sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi nağd hesablaşmalar zamanı müvafiq qəbzi təqdim etməlidir. Sabit qəbzlə fəaliyyət göstərən şəxsin dövriyyəsi onun vergi öhdəliyinin müəyyən edilməsində rol oynamasa da, Məcəllə bunu tələb edir. Sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi hər ay sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.

Qadın gözəllik salonlarına gəlincə, bu obyektlərdə vergi ödəyiciləri bərbər xidməti ilə yanaşı, manikür, pedikür, dırnaq qaynağı, üz-qaş baxımı və s. kimi digər fəaliyyətlər də həyata keçirirlər.

Misal 1: Fərdi qaydada gözəllik salonu kimi fəaliyyət göstərən vergi ödəyicisi 1 yanvar 2022-ci ildən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmağa borcludur.

Kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etmək vəzifəsi olan vergi ödəyicilərinə aid edilib. Kosmetoloji mərkəzlərdə, adətən, dəriyə kosmetoloji maddələrlə qulluq göstərilməsi və dərialtı infeksiyaların terapiyası kimi xidmətlər göstərilir.

Misal 2: Kosmetoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi vətəndaşın dərisinə kosmetoloji maddələrlə qulluq müqabilində 50 manat ödəniş alıb. Vergi ödəyicisi müştəriyə nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Təbii ki, bu xidmətin rəsmiləşdirilməsi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.

Yekunda bir məsələni də bildirək ki, nəzarət-kassa aparatı tətbiq edən vergi ödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS-terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər