Cümə axşamı, 24 Dekabr 2020 07:56

Əsas vəsaitlərin uçotdan silinməsinin ƏDV-yə cəlb olunması

Satışı bitən "Vergi uçotu:A-dan Z-yə" (II nəşr) kitabından seçmə

ƏDV anlayışı və qeydiyyat haqqında məlumat verdikdən sonra artıq növbə ƏDV-yə cəlb olunan əməliyyatlara çatdı. ƏDV-yə cəlb olunan əməliyyatlar zamanı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

...

  1. Əsas vəsaitlərin tam amortizasiya olunmadan uçotdan silinməsi ƏDV-yə cəlb olunan əməliyyatdır.

Qeyd etdiyimiz kimi, malların fövqəladə hallardan başqa, itməsi, əskik gəlməsi, xarab olması ƏDV-yə cəlb olunan əməliyyatdır. Bundan əlavə, malların tam amortizasiya olunmadan uçotdan silinməsi də ƏDV-yə cəlb edilir.

Misal. Fərdi sahibkar 2018-ci ilin may ayında 1 800 manat dəyərində olan kompüter alınması zamanı 324 manat (1800 manat x 18 faiz) ƏDV ödəyib. 2018-ci il üzrə 450 manatlıq amortizasiya hesablandığı üçün malın qalıq dəyəri 1350 manatdır. 2019-cu ilin iyun ayında fərdi sahibkar həmin kompüterin təmirinə çox vəsait tələb olunmasını əsas gətirərək, silinməsinə qərar verir. Bu zaman artıq iyun ayının hesabatında  243 manatlıq (1350 (qalıq dəyər) x 18 faiz) ƏDV qeyd olunmalıdır.

2-ci misala baxaq. Fərdi sahibkar 2016-cı ildə dəyəri 800 manat olan kompüterin alınması üçün 144 manat (800 manat x 18 faiz) ƏDV ödəyib. 2017-ci və 2018-ci illərdə müvafiq olaraq 200 manat (800 manat x 25 faiz) və 150 manat ((800-200) x 25 faiz) amortizasiya hesablandığından 2019-cu ildə qalıq dəyəri 450 manat olub. Vergi ödəyicisi qərar verir ki, həmin əsas vəsait balansdan silinsin.

Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. Bu səbəbdən qalıq dəyərinin 450 manat olması kompüterin tam amortizasiya olunmasına əsas verir və həmin 450 manata ƏDV hesablanmır.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

Şərh yazın