Vergi Məcəlləsinin 69.1-ci maddəsinə görə xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. İlk baxışda sadə görünən bu məsələdə maraq doğuran məqamlar var. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məsələn, tutaq ki, qeyri-rezident şəxs 30 iyun 2020-ci il tarixində "A" MMC-yə 5.000 avro dəyərində maliyyə xidmətləri göstərib. Lakin rezident müəssisə göstərilən xidmətlərə görə qeyri-rezidentə ödənişi 25 iyul 2020-ci il tarixində etmişdir. Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən, qeyri-rezidentin əldə etdiyi bu gəlir Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab edilir və Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən. 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə görə qeyri-rezidentlərə ödəmə verilərkən rezident şəxslər 10 faiz dərəcəsi ilə vergini tutub büdcəyə ödəməlidirlər. Xidmətin göstərildiyi tarixdə, yəni 30 iyun 2020-ci ildə 1 avronun məzənnəsi 1,9105 manat, qeyri-rezidentə ödəmənin edildiyi tarixdə (24 iyul 2020-ci il) isə 1,9716 manat olmuşdur.