Araşdırma yazı: Malların satış obyektlərinə verilməsi zamanı “Malların təhvil-qəbul aktı” elektron qaimə-fakturanı müşayiət etməlidir?

Araşdırma yazı: Malların satış obyektlərinə verilməsi zamanı “Malların təhvil-qəbul aktı” elektron qaimə-fakturanı müşayiət etməlidir?

Saytımızın eksperti Anar Bayramovun təqdimatında

Mks.az saytı olaraq oxucularımızın araşdırılmasını vacib hesab etdikləri aktual məsələlərlə bağlı yazılarımızı davam etdirik. Bu yazımızda  malların ticarət obyektlərinə təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş tələblərin praktikada necə tətbiq olunduğu barədə məlumat verəcəyik.

Market şəbəkələri hansı sənədləri tələb edir?

Mks.az saytı ölkəmizdə məşhur olan, hamının tanıdığı market şəbəkəsinin təzçihatçı şirkətlərə göndərdiyi elektron məktubu (email) əldə edib. Məktubun mətnini olduğu kimi təqdim edirik: “Salam, hörmətli firma nümayəndələri. Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin qərarına  əsasən bütün mağazalara tərəfinizdən verilən məhsullar  “Mallarin təhvil-qəbul aktı” və elektron qaimə əsasinda təhvil verilməlidir. Əks təqdirdə heç bir mağaza tərəfindən məhsullar stoka qəbul edilməyəcək və geri veriləcəkdir. Nəzərə almağınızı xahiş edirəm. Firmaların aktları hazırlamaqlarına az müddət verilərək 10.02.2019-ci il tarixindən mağazalara hər iki sənəd təqdim olunmasa, mal geri qayıdacaqdir. Toplu işləmə daha olmayacaqdır.”

Məktubdan göründüyü kimi market şəbəkəsi malları təqdim edənlərdən iki rəsmi sənədin – elektron qaimə-faktura və Malların təhvil-qəbul aktının - verilməsini tələb edir. Bu tələbin qanuni olub-olmamasına keçməzdən əvvəl baxaq,

Vergilər  Nazirliyi bu haqda nə düşünür

Məktubu alan həmkarlarımızın verdikləri məlumatlara görə, bu məsələyə vergi orqanlarının yanaşmasında fərqlilik var. Onların bəziləri birmənalı şəkildə mallar təqdim edilərkən, hər iki sənədin olmasının vacibliyi bildirsələr də, digər bir qisim daha ehtiyatlı hərəkət edərək, “Malların təhvil-qəbul aktı”nın hansı hallarda təqdim olunmasını Maliyyə Nazirliyi ilə dəqiqləşdirməyi məsləhət görüblər. Nəzərə alaq ki, vergi orqanları vergitutma məqsədləri üçün elektron qaimə-fakturanı əsas sənəd kimi qəbul edirlər.

Vergilər Nazirliyinin sual-cavab rubrikasında Elnur Əliyev adlı vergi ödəyicisinin “Əgər işlərin və xidmətlərin təqdim olunması zamanı elekton qaimə-faktura yazılmışdırsa, "İşlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktı"nın doldurulmasına ehtiyac vardırmi?” sualına

rəsmi cavabda elektron qaimə-fakturanın doldurulması üçün digər sənədlərin vacibliyi qeyd edilmişdi: “Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat isə elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır.”

Cavabdan göründüyü kimi, burada sənədləşmə üçün tələb olunan şərtlərdən danışılır, malın satıcıya təqdim olunması zamanı hansı sənədlərin olmasına aydınlıq gətirilmir. Vergi orqanları bildirirlər ki, düzgün uçot baxımından təhvil-təslim aktı tərtib olunmalıdır.

Qanunvericiliyin tələbi necədir?

Prezidentin fərmanı ilə dörd – pərakəndə, topdansatış, istehsal və ictimai iaşə fəaliyyətlər üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası təsdiq olunub. Topdansatışla bağlı qaydada “Malların təhvil-qəbul aktı”ndan hansı hallarda istifadə olunmasına aydınlıq gətirilib:

“-   topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

 -  topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

 -  Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

-  İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

 -  Topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır”.

Qaydadan çıxarışlardan göründüyü kimi, malların anbara verilməsinin 4 halında - ƏDV qeydiyyatı olmayan və  ƏDV qeydiyyatı olan vergi ödəyicilərindən, təhtəlhesab şəxsdən və idxal mallarının ANBARA təhvil verilməsi zamanı “Malların təhvil-qəbul aktı” tərtib olunur. 5-ci halda isə, topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirməlidirlər.

Qaydada topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi ilə bağlı qeyd olunub ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir.

Qeyd edək ki, Vergi Məcəlləsində kağız əsaslı qaimə-faktura anlayışı 1 yanvar 2019-cu ildən artıq yoxdur. Kağız qaimə-faktura sadəcə qaydalarda qalıb və çox güman ki, yaxın zamanlarda qaydaya müvafiq düzəliş olunacaq. Elektron vergi hesab-fakturanın olması üçün isə ilkin olaraq elektron qaimə-faktura tələb edilir. O səbəbdən də, malların təqdim edilməsi (satışı) zamanı elektron qaimə-faktura yetərlidir.

Göründüyü kimi, mallar qarşı tərəfə satış məqsədləri üçün verildikdə, “Malların təhvil-qəbul aktı”nın tərtib olunmasına ehtiyac yoxdur.

Bəs, təcrübədə necədir?

İri təhçizatçı şirkətdə çalışan həmkarımızdan aldığımız məlumata əsasən, deyə bilərik ki, artıq bütün mallar elektron qaimə-faktura vasitəsilə təqdim olunur. Malların satış üçün təqdimi zamanı əlavə hər hansı ciddi hesabat blankından istifadə olunmur. Həmkarımız bir nüansı da qeyd etdi ki, malların yerində təqdim olunması zamanı bəzən malların sayında və çeşidində elektron qaimə-fakturada qeyd olunandan fərqli göstəricilər aşkara çıxır. Bu zaman ekspeditor çap edib apardığı elektron qaimə-fakturanın üzərində malların sayı və çeşidi ilə bağlı müvafiq düzəliş etdikdən sonra sənədi mühasibatlığa geri qaytarır. Mühasibatlıq isə həmin sənəd əsasında göndərilən elektron qaimə-fakturada lazımi düzəlişi həyata keçirir.

İkinci variant isə odur ki, bəzi müəssisələr  adıçəkilən qaydada kağız qaimə-fakturanın qeyd edilməsini əsas tutaraq, malların satış üçün təqdim edilməsi zamanı həmin sənədi təqdim edirlər. Sonra həmin sənədə əsasən, malları alan şəxsə elektron qaimə-faktura göndərirlər. Fikrimizcə, bu varıant o qədər məqsədəuyğun deyil. 

Elektron qaimə-fakturaya keçidi mağazalar qəbul edir?

Həmkarımızın verdiyi məlumata əsasən, təchizatçı şirkətlərin bu məsələdə iri mağazalar şəbəkələri ilə problemi yoxdur. Kiçik marketlərin bəziləri bu tələbi qəbul etsələr də, bəziləri elektron qaimə-faktura ilə işləmək istəmir, uyğun malları digər topdansatış müəssisələrindən almağa üstünlük verirlər. Pərakəndə ticarət müəssisələrinin bəzilərinin anbarlarında ötən ilin sonunda topdansatış müəssisələrindən aldıqları xeyli mal və məhsullar ki, böyük ehtimalla onların satışı mart ayında yekunlaşacaq. Bu səbəbdən də bəzi kiçik marketlər alıcılara əsasən yeni yox , köhnə istehsal tarixi olan malları təqdim edirlər.

Elektron qaimə-fakturadan istifadədən sonra malların qiymətinin artması iddiasına gəlincə, təchizatçı şirkətin nümayəndəsi bildirdi ki, hər hansı malın topdansatış qiymətində artıma gedilməyib və düzgün sənədləşmlərin qiymət artımına səbəb olması iddiaları əsassızdır.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

2 Komment

  1. ILKIN 05 Fevral 2019

    HER GUN TV KANALDA SAHIBKARLARA KOMEK MEQSEDI ILE SADE ELVERISLI ELEKTRON SENED MUBADILESINDEN SOHBET GEDIR VE HEMCIN BROKRATIK SENED YIXIMI ELAVE KAXIZ BOLUXUNDAN AZAD OLMAXA CAXIRIR.YENA HANSI “Mallarin təhvil-qəbul aktı”SOHBET GEDIR.BUNLAR HAMISI MUHASIBE ELAVE YUKDUR.)SAHIBKAR UCUN SADE MUNBUT MUHUT YARATMAQ LAZIMDIRKI ISLEYA BILSIN,ELAVE KAXIZ TOPLUMU YOK.

  2. Rövşen 17 Fevral 2019

    Salam, bu mesele ile bagli vergiler nazirliyine zeng etmişdim. Heqiqeten aktın doldurulmasina ehtiyac var dediler. Amma bu akti satici deyil, mal alan firma doldurur. Mali öz daxili saxlama yerine , anbar deyek, tehvil teslim ederken hazirlanir, yeni bu daxili bir seneddir. Satici heç bir şekilde bele bir sened hazirlamamalidir.

Şərh yazın

Xəbərlər