"Nağdsız hesablaşmaların həcmini artırmaq üçün ilk növbədə sahibkarların banka inamını formalaşdırmaq lazımdır"

"Nağdsız hesablaşmaların həcmini artırmaq üçün ilk növbədə sahibkarların banka inamını formalaşdırmaq lazımdır"

Azərbaycanda sahibkar-bank münasibətləri və nağdsız əməliyyatlar sahəsində vəziyyət necədir və problemlərdən çıxış yolları hansılardır?
 
FED.az saytı MKS.az saytının rəhbəri, vergi eksperti Anar Bayramovla «ASAN Radio»nın «Sahibkar vaxtı» verilişində yayımlanmış söhbətini bir hissəsini təqdim edir.
 
Veriliş Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və «ASAN Radio»nun birgə layihəsidir.
 

- “Nağdsız hesablaşmalar haqqında” qanun 1 yanvar 2017-ci ildən qüvvədədir. Qanunda nağd hesablaşmalara nəzarət üsulları və nağdsız ödənişlərin həvəsləndirilməsi ilə bağlı müddəalar var. Həvəsləndirmə özünü 1 yanvar 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə də göstərdi. POS terminallarla ödəniş edən istehakçılara ƏDV-nin geri qaytarılması, fiziki və hüquqi şəxslərin müvafiq olaraq gəlir və mənfəət vergisinin  müəyyən faizini geri almaq imkanı, həmçinin sadələşdirilmiş vergi ödəyicilərinin dövriyyəsinin POS terminallardan ödənmiş xüsusi çəkiyə görə verginin azaldılması nəzərdə tutulub. Amma “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqindən, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra nağdsız dövriyyə ilə bağlı artım - əgər bu, baş versəydi, səyyar yoxlamanın azaldığını hiss etdiyimiz kimi onu da görə bilərdik - olmadı.
 
- Deməli gözlənildiyi kimi artım olmadı?

- Bəli, gözlənilən artım qeydə alınmadı.
 
- Anar müəllim, nağdsız ödənişləri artırmaq üçün dünyada müxtəlif üsullardan istifadə olunur. Bizdə sahibkarların nağdsız ödənişlərə marağını artırmaq üçün hansı addımlar atılsa, daha yaxşı olar?

- Əvvəlki dövrlərdə sahibkar leqallaşdırmaya meylli deyildi. Nağd ödəmələrə daha çox üstünlük verirdi və dolayısı ilə vergidən yayınırdı. Bu ildən etibarən dediyimiz kimi islahatlar aparıldı, leqallaşdırılma ilə bağlı çox işlər görüldü. O zaman belə haqlı sual yaranır ki niyə vergi ödəyiciləri tərəfindən nağdsız hesablaşmalara üstünlük verilmir? Gəlin, məsələyə sahibkarın mövqeyindən yanaşaq, onu başa düşməyə çalışaq. Əvvəla, sahibkarların banklara inamı yoxdur, bu inam qaytarılmalıdır. Xatırlayırsınızsa, 2015-ci ildən sonra bir neçə bank bağlandı, sahibkarların cari hesablarındakı vəsait həmin banklarda batdı və onlar öz vəsaitlərini ala bilmədilər. Məsələn, “Standart Bank”da milyonlarla vəsait batdı. Elə şirkətlər var ki, onların 30-40 milyon vəsaiti qaytarılmadı. 

 - Bu əmanət deyildi, yəni, cari hesab idi?

- Bəli, cari hesablarda olan vəsaitlərdən söhbət gedir. Sahibkar iş görüb, məhsul satıb, xidmət göstərib və bunun müqabilində əldə etdiyi gəlir cari hesabına köçürülüb. “Banklar haqqında” qanunun 82-ci maddəsində təsbit olunan növbəlilik prinsipinə görə sahibkarların cari hesablardakı vəsaitlərinin qaytarılması 7-8-ci sıralardadır. Birinci depozitlər qayıdır, sonra əmanətlərin sığortalanması fondunun işçilərinin əməkhaqqıları verilir, və sair. Bu tip ödəmələr edildikdən sonra pul qalarsa, vergi ödəyicisinin cari hesablarındakı vəsaitlər geri ödənilir. Vergi ödəyicisi bunu depozit kimi qoymayıb, hansısa bir əlavə vəsait kimi qoymayıb, öz cari hesabıdır ki burdan mal, xidmət satışına görə qazanc əldə edib. Və indi o vəsait hesabına işçilərinin əməkhaqqını ödəməlidir, digər xərclərini bağlamalıdır və sair.

 - Bir şeyi qeyd edim, bəlkə də bir az kobud çıxacaq, amma fikrimcə, əmanətçinin vəsaitindən çox  vergi ödəyicisinin vəsaiti qiymətlidir. Əmanətçinin vəsaiti bir şəxsə məxsusudur, vergi ödəyicisinin vəsaiti isə iqtisadiyyata qoyulan, dövriyyədə olan puldur, onun bir neçə nəfər işçisi var, onlara maaş verir, iqtisadiyyata dəyər qatır. İndi siz təklif edirsiniz ki, bu vəsaitlərin qaytarılması növbəsi qanunda 8-ci olmasın, irəli çəkilsin?

- Bəli, irəli çəkilsin və vergi ödəyicisi əmin olsun ki nağdsız hesablaşmalar təhlükəsizdir, onun hesabında olan vəsait qorunur, dövlət hansısa formada zəmanət verir ki, problem olduğu təqdirdə, vəsait sahibkara qaytarılacaq.
 
- Amma artıq banklar əvvəlkindən daha güclüdür.

- Bəli, güclüdürlər, amma risk yenə də var. Ancaq əvvəlki inamı qaytarmaq üçün məncə o maddədə dəyişiklik edilməlidir. Digər məsələ kartların təhlükəsizliyi ilə bağlıdır.
 
- Bu sahədə hansı problem var?

 - İnternet üzərindən alış-veriş edəndə, bəzən kartımızdan hansısa bir göstəricini əldə edib saytlar vasitəsi ilə pulumuzu çəkə bilirlər. Bu risk hələ də qalır. Bu baxımdan kartlardakı pullar yaxşı qorunmur. Ölkədə cəmi bir neçə bank hakerlərin kartdan oğurlayacağı vəsaitin geri qaytarılmasına təminat verir.
 
- Götürək elə mənim kartımı, Beynəlxalq Bankın kartıdır, 3D security sisteminə qoşulub, mən kartı itirsəm və kimsə tapıb əməliyyat etsə. ondan 3D kod tələb olunacaq. Amma kod mənim telefonuma gəlir.

- Doğrudur, amma elə proqramlar və saytlar var ki, onlar vasitəsi ilə əməliyyat edəndə 3D security tətbiqinin təsdiqinə ehtiyac duyulmur. Belə deyək, beynəlxalq təcrübədə bu tətbiqdən elə də istifadə olunmur. Əksər saytlarda əməliyyat aparanda hər hansı SMS gəlməsinə də ehtiyac qalmır. Bu cür risklər var.

 - Siz bununla bağlı nə təklif edirsiniz?

- Təklifim odur ki, Mərkəzi Bank sertifikatlaşma ilə bağlı bankların üzərində daha ciddi tələblər qoysun. Vətəndaş da əmin olsun ki, onun kart hesabındakı vəsait gələcəkdə hər hansı bir hakerin əməliyyatı nəticəsində itməyəcək.

 - Anar müəllim, bəzən mühasiblər bank ödənişlərinin vaxtında icra olunmamasından şikayətlənirlər. 

 - Bu, həqiqətdir. Təklif edirəm ki, banklar ödəniş tapşırıqlarının icrasını sürətlə həyata keçirsinlər. Sahibkar maraqlıdır ki, onun sərbəst vəsaiti olsun, dövriyyə vəsaitlərindən daha çevik və səmərəli istifadə edə  bilsin. Sahibkar baxır ki, mal alıb satanda, nağd ödəniş daha faydalıdır, bank vasitəsi ilə ödəniş edildikdə bu proses uzun çəkir, ona görə də nağd ödənişə üstünlük verir. Bəzi banklarda ödəmələr sürətlə icra olunsa da, ləngimələr olan banklar da az deyil. Hesab edirəm ki, qanunvericilikdə köçürmələrin vaxtı ilə bağlı konkret müddət qoyulmalı, müəyyən edilmiş vaxt ötərsə, vergi ödəyicisinə üstünlük verən hüquqlar təsbit olunmalıdır. Tutaq ki 1 gün ərzində pul köçürülməyibsə, vergi ödəyicisinə banka qarşı iddia qaldırmaq hüququ verilməlidir.

 - Tutaq ki vergi ödəyicisi deyir ki, mən bankdan ödəniş edirəm. Nağdsız ödəniş edirəm, amma mənim ödənişim vaxtında ödənilməlidir. Adətən belə olanda hansı müddət qoyulur?

- Bu, banklardan asılıdır, bəzi banklarda daha operativ olur, bankların qoşulduğu sistemdən də çox şey asılıdır. Eyni bankın filialları daxilində olan ödənişlər daha tez icra olunur, amma bir bankdan digərinə ödəniş ediləndə müddət uzanır.
 
- Siz təklif edirsiniz ki, bu proses 1 gün çəksin?

- Maksimum 1 gün çəksin, yaxşı olar ki, ödənişlərin aparılması daha qısa müddətdə həyata keçirilsin.

(ardı var)

1 Komment

  1. MIKAYL 13 İyul 2019

    MIN DEFA DEMISEM YENA DEYIREM.OLKEDA EKSER EHALI MILET XIRDA MIKRO KICIK SAHIBKARLAR VE ONLARIN ISCILERDIR.ONLAR ISE EMEK HAQQLARIN NAXD ALIRLAR..nağdsız əməliyyatlarI ARTIRMAQ UCUN EKSER TEBEQA OLAN MIKRO SAHIBKAR VE KICIK SAHIBKARLARIN ISCILERIN EMEK HAQQLARIN KARTLA ALMALIDIR..YOKSA ISCI BILMIR KART NECA OLUR VE NE UCUNDUR.GUNKI KART GORMEYIB.TESVIR ET BUTUN XIRDA MARKET DUKAN RESTORAN XIDMET SAHELERI VE SSSS.BUNLAR HAMISI ISCILERI 10 NEFEREDEK OLAN DOVRITYESSI SADE OLAN SAHELEDIR.BUNLARDA EMEK HAQQI NAXD ODENISDIR.YADA GUNLUK..VERGI QANUNUNDA ISE EMEK HAQQLARIN KARTLA ANGAQ IRI ODEYIGILER YANI DOVRIYEESI 200000 ARTIQ OLANLAR UCUN VACIB SAYLIR...BAX BELADIR BIZIM QANUNLAR...UMMIYETLA EMEK HAQQLARI BUTUN SAHE UCUN KARTLA OLARSA COX SAYDA EMEK MUQAVILELERI ARTMIS OLAR.QARA MUHASIBATLIQA TESIR ETMIS OLAR.NE ISE BU VERGIYE SERF ETMIR.

Şərh yazın

Xəbərlər