İŞSİZLİK SIĞORTASI ilə bağlı bilməli olduğumuz 7 VACİB MƏSƏLƏ

İşsizlik siğorta tarifi və ödənişinin hesablanması, ödənilməsi və müddəti haqqında fərqli yanaşmalar
 
01 yanvar 2018-ci ildən etibarən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edildiynə görə, həmkarlarımız üçün diqqət yetirəsi əsas məsələlər haqqında məlumat verməyə çalışacıyıq.
 
1) İşsizlikdən sığorta tarifi necə müəyyən edilir?
 
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən,  İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
  •  sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  •  sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
 
Misal üçün işçi 200 manat əmək haqqı hesablanıbsa,  bu zaman 1 manat (200 manat x 0,5 faiz) ona hesablanan əmək haqqından hesablanır yəni işçiyə ödəniləcək məbləğ 1 manat azalır.  Bundan əlavə, işəgötürən vəya sığortaedən işçiyə hesablanan əmək haqqı fondundan da 1 manat (200 manat x 0,5 faiz) hesablayaraq ödəniş edir.
 
2) İşsizlikdən sığorta haqqıları nə vaxt və hara ödənilməlidir?
 
Qanunun 10-cu maddəsinə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Siğortaçı dedikdə, işsizlikdən sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.  
 
Hesabat formasına gəlincə isə, artıq   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "20" "dekabr" 2017-ci il tarixli, "18-2" nömrəli qərarı ilə rüblük hesabat forması təsdiq edilib. 2018-ci ilin 1-ci rübündən başlayaraq, Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə  təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.
 
Hesabatın təqdim edilməsi formasına gəlincə, Qanunun 6-ci maddəsinə əsasən, hesabatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək işəgötürənin hüquq və vəzifələrinə daxil edilib. Hal-hazırda işəgötürənlər üçün hesabatın elektron təqdim edilməsi üzərində işlər gedir. Amma Qanuna əsasən, yenə də işəgötürənlər kağız formada hesabat təqdim etmək hüququna malikdir.
 
3) İşsizlikdən sığorta haqqından azad olmalar vəya güzəştlər var?
 
Son zamanlar şirkətlərdə çalışan xarici ölkə vətəndaşların əmək haqqısı üzrə işsizlik siğortanın hesablanmması müzakirə obyekti olub. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işəgötürənlərə müraciətində bildirilir ki,  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməyib.
 
Bundan əlavə də, Vergi Məcəlləsində tətbiq edilən tam vəya qısmən güzəşt hüququna malik olan şəxslər (məcburi köçkün, müharibə veteranı və s.) üçün də hər hansı güzəştlər nəzərdə tutulmayıb. Yəni hər bir işçinin əmək haqqısından 0.5 faiz işsizlik siğortası tam olaraq hesablanacaq.
 
Həmçinin də, Qanunun 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər işsizlik siğortasını hesablamalıdır:
  • hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri;
  • dövlət orqanları;
  • fiziki şəxslər;
  • seçkili orqanların rəhbərləri;
4)  İşdən azad olunan işçiyə Sığorta ödənişi necə hesablanacaq?
 
Qanunun 12-ci maddəsinə əsasən, sığorta ödənişinin 3 növü var: əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə (ailə üzvünə görə əlavə hesablama) və minimum sığorta ödənişi (Qanunla müəyyən edilən minimum əmək haqqı).
 
İşsizliyə görə aylıq sığorta ödənişin hesablanması  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsi tənzimlənir. Həmin maddəyə əsasən, qanuna uyğun olaraq işsizlik müavinəti alacaq şəxslər üçün siğorta ödənişi onların sığorta stajından asili olaraq müəyyən ediləcək:
·        Sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
·        Sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
·        Sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
 
Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.
 
Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.
 
Zəruri qeyd -1 : Qeyd edilən hesablanma YALNIZ işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə tətbiq olunur.
 
Zəruri qeyd -2: Siğortaolunan sosial staji dedikdə, “İşsizlikdən sığorta haqqında” AR Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.
 
 
5) Sığorta ödənişi minimum və maximum həddi necə tənzimlənəcək?
 
Qanunun 14,5-ci maddəsinə əsasən,  Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən ÇOX ola bilməz. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına əsasən,  orta aylıq əmək haqqı 525.40 manat olub. Qeyd edək ki, orta aylıq əmək haqqi dövrü olaraq Dövlət Statistika Komitəsi tərəfindən açıqlanır. Deməli, işçinin əmək haqqısına görə formalaşan sığorta haqqı bundan çox olarsa, bu zaman da qanunla müəyyən edilən maximum məbləğdən çox ödəniş edilməyəcək.
 
Qanun 14-cü maddəsində həmçinin siğorta ödənişinin minimal ödənişi də müəyyən edilib ki, bu da Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Prezidenti) müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Qeyd edək ki, 2018-ci il üzrə bu məbləğ 130 manat təşkil edir. Deməli, işçiyə hesablanan siğorta ödənişi yekunda minimum əməkhaqqıdan az olarsa, o zaman siğortaolunan həmin məbləğ yox, minimum siğorta ödənişiq qədər ödəniş edilir.
 
6) Siğorta ödənişi bütün hallarda işdən azad olunan işçilərə tətbiq edilir?
 
Qanunun 13-cü maddəsinə əsasən, siğorta ödənişi almaq hüququna aşağıdakılar aiddir:
 
·        dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər;
 
·        və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər;
 
·        “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar.
 
 
7)  Siğorta ödənişi zamanı fərqli yanaşmalar və ödəniş müddəti  necə tənzimlənəcək?
 
Yazıda qeyd etdiyimiz ki,  işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə siğorta ödənişi hesablamalar əsasında ödəniləcək.
Digər fərqli yanaşmalar aşağıdakı kimi olacaq:
·        Həmin hesablama qrupa aid olan işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılıdığı halda-  sığorta ödənişinə - 1,2 əmsal tətbiq olunur.
·        Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Qeyd edək ki, ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu Qanunun 15.1-ci maddəsində müəyyən olunmuş əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.
 
İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun nəzərdə tutulan minimum sığorta ödənişi (Qanunla müəyyən edilən minimum aylıq əmək haqqı) məbləğində siğorta ödənişi ediləcək.
 
Sığorta ödənişləri ilə bağlı müraciətlərə gəlincə isə, Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Həmçinin qanunla müəyyən edilir ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.
 
Sığorta ödənişi almış şəxsə qanunun maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.