Akif Musayev Vergi Məcəlləsində ƏDV-lə bağlı olan dəyişikliyi şərh edir

  • PDF faylını al

- Akif müəllim, dəyişikliklər sırasında ƏDV-nin tətbiqi ilə bağlı məsələlər də mühüm yer tutur. ƏDV-nin tətbiqi mexanizmindəki yeniliklər barədə məlumat verməyinizi xahiş edərdik.
- ƏDV-nin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilən əsas dəyişikliklər ƏDV məqsədləri üçün qeydiyyata dair dövriyyə həddinin müəyyən olunmasında və ƏDV-nin hesablanması qaydasında dəyişikliklərin edilməsi ilə bağlıdır.

Həmin dəyişikliklərin birində ƏDV ödəyicisi kimi qeydiyyata alınmalı olan hüquqi və fiziki şəxslər üçün ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmləri eyniləşdirilərək 120 min manat məbləğində müəyyən edilmişdir.
Digər dəyişiklikdə isə ƏDV-nin ödənilmiş məbləğlərdən hesablanması nəzərdə tutulur. Bu, olduqca mühüm dəyişiklikdir və birbaşa vergi ödəyicilərinin mənafeyinə xidmət edir. ƏDV-nin ödənilmiş vəsaitdən hesablanması o halda tətbiq ediləcəkdir ki, təqdim olunmuş malların (işlərin, xidmətlərin) dəyəri 30 gündən gec olmayaraq ödənilmiş olsun.
Bu dəyişiklik büdcəyə hesablanan verginin ödənilməsi üçün ödəyicilərin maliyyə imkanlarının artırılmasına imkan yaratmaqla debitor borclarının vaxtında alınması üçün onlarda stimul yaradacaqdır. Eyni zamanda, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi qaydasına vahid prinsip əsasında yanaşma təmin ediləcəkdir.

Mənbə: AzərTac