Əmək haqqıdan vergi və sosial ayırma hesablamamağın yolu

  • PDF faylını al

Hesablanmayan məbləğ hansı formada gəlirdən çıxılan xərclərə aid edilir?

Sual: Salam hörmətli vergi əməkdaşları. Şirkətimiz yerli sığorta şirkətinin biri ilə 3 illik müddət üzrə müqavilə imzalayaraq öz əməkdaşlarını Həyatın yığım sığortası proqramına qoşub. Müqavilə şərtlərinə əsasən ödəniş iki mənbədən həyata keçirilir:
1) Sığorta olunanın əmək haqqının müəyyən olunmuş hissəsi.
2) Sığortalının vəsaiti hesabına ödənilən sığorta haqqı.
Birinci halda vəsait əməkdaşın əmək haqqından ödənilir və Vergi Məcəlləsinin 116.2-ci maddəsi tətbiq edilərək gəlir vergisi tutulmur. İkinci halda isə Sığortalı sığorta haqqı kimi sığorta olunanın (əməkdaşın) hesabına müqavilədə nəzərdə tutulan fiks məbləği ödəyir. Sualım bundan ibarətdir ki, sığortalı (şirkət) sığorta haqqı kimi sığorta olunanın (əməkdaşın) hesabına ödədiyi fiks məbləği vergi məqsədləri üçün sığorta xərclərinə aid edə bilərmi. Təşəkkür edirəm.
Vüqar Hacıyev,

Cavab: Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun müddəalarına uyğun olaraq sığortaçı - bu qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir.
Həyatın yığım sığortası - sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən isə fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır. Buna o halda yol verilir ki, işəgötürən tərəfindən sığorta haqları bank vasitəsi ilə sığortaçının bank hesabına köçürülsün.
Belə ki, işəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır (Vergi Məcəlləsi, maddə 116.1).
Göstərilənlərə əsasən, həyat sığortası müqavilələri üzrə (xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri istisna olmaqla) risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği (yalnız sığorta haqları) Vergi Məcəlləsinin 116.1-ci maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxıla bilər.
Mənbə: Vergilər Nazirliyi