Çərşənbə, 31 Mart 2021 04:50

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 4 VACİB MƏQAM

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

İşçinin əmək müqaviləsinə xitam verilməsi prosesinin necə həyata keçirilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsi ilə tənzimlənir. Həmin hissəyə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddədə diqqət yetiriləsi dörd vacib məqam var.

Birinci məqam. İşçinin əmək müqaviləsinə xitam verilməsi işəgötürənin qərarı əsasında olmalıdır.
Mİsal. Satış sektorunda fəaliyyət göstərən müəssisədə marketinq şöbəsinin işçisi öz ərizəsi ilə işdən çıxıb. Şöbənin müdiri işçinin ərizəsinə uyğun olaraq onun işdən çıxmasını rəsmiləşdirib. Əmək müqaviləsinə xitam verilməsinin bu şəkildə aparılması əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki işçinin əmək müqaviləsinə xitam verilməsi səbəbindən asılı olmayaraq, rəsmiləşdirmə işəgötürən tərəfindən həyata keçirilməli, imza və möhürlə təsdiqlənməlidir.
İkinci məqam. İşçi işdən azad olunduqda, sonuncu iş günündə əmək müqaviləsinə xitamla baglı müvafiq sənədlər ona təqdim edilməlidir.
Maddədə qeyd edilir ki, işdən azad olunan işçiyə aşağıdakı sənədlər təqdim edilməlidir:
- Əmək müqaviləsinə xitamla bağlı əmrin surəti;
- Əmək kitabçası (işçinin əsas iş yeridirsə).
Üçüncü məqam. İşdən azad olunan işçi ilə son haqq-hesab sonuncu iş günündə edilməlidir.
Maddədə son haqq-hesab məsələsinə də aydınlıq gətirilib. Son haqq-hesab dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr başa düşülür.
Misal. İşçi 26 fevral 2021-ci il tarixdə işdən azad olunub, işəgötürən ona yalnız həmin ay üzrə əmək haqqını ödəyib. İşəgötürən fikrini onunla əsaslandırıb ki, mühasibatlıq tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanması müəyyən müddət tələb etdiyi üçün, bu ödənişlər mart ayı ərzində ödəniləcək. İşəgötürənin bu cür yanaşması Əmək Məcəlləsinin tələblərinə ziddir. Çünki Əmək Məcəlləsində qeyd edilib ki, son haqq-hesab ödənişlərinin hamısı işçinin son iş günündə həyata keçirilməlidir.
Dördüncü məqam. İşçinin işdən azad olunduğu son tarix onun sonuncu iş günü olmalıdır.
Sonuncu iş günü məsələsi ilə bağlı həmkarlarımızın müzakirə etdiyi iki məsələyə misallarla aydınlıq gətirək.
Misal 1. İşəgötürənin qərarına əsasən, işçi 25 fevral 2021-ci il tarixdə işdən azad edilib. Həmkarlarımız hesab edirlər ki, işçiyə 25 fevral 2021-ci il tarixinə görə əmək haqqı hesablanmalı deyil, çünki əmrə əsasən həmin tarixdən işdən azad edilib. Ancaq bu, belə deyil, işçinin sonuncu iş günü 25 fevral 2021-ci il tarixi olduğu üçün həmin tarixdə normal iş günündə olduğu kimi çalışmalıdır və xitamla bağlı sənədlər həmin iş günün sonunda işçiyə təqdim edilməlidir.
Mİsal 2. İşəgötürən qərar verir ki, öz razılığı əsasında işdən çıxmaq istəyən işçi 31 mart 2021-ci il tarixə kimi məzuniyyətə göndərilsin və məzuniyyətin son günündə işdən azad edilsin. İşçinin işdən azad olunması ilə bağlı bu cür rəsmiləşdirmə aparılması qanuna ziddir, çünki işçinin işdən azad olunduğu gün sonuncu iş günü olmalıdır.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

Şərh yazın