YENİ TƏKLİF:Əmək müqaviləsi, yoxsa mülki hüquqi müqavilə? (Misallarla izah)

YENİ TƏKLİF:Əmək müqaviləsi, yoxsa mülki hüquqi müqavilə? (Misallarla izah)

“A-dan Z-yə: Kargüzarlıq” kitabının müəllifi Qalib Toğruldan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin izahı

“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və vergi orqanlarının iştirakı ilə işgüzar dairələrdə aparılan “əmək müaviləsi, yoxsa mülki hüquqi müqavilə?” müzakirəsinə son qoymaq məqsədilə hazırlanıb.

Layihəni hazırlayanlar bunun üçün, ilk növbədə “əmək münasibətləri nədir” sualına cavab verməyə çalışıblar. Nəzərdə tutulan dəyişikliklərdə əmək münasibətlərinə belə tərif verilib:

"Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir."

Qeyd edim ki, Əmək Məcəlləsində əmək münasibətləri anlayışının tərifinin bu günədək verilməməsi başadüşülən deyildi. Çünki əmək münasibətləri əmək hüququ nomaları ilə tənzimlənən ictimai münasibətlərin nüvəsində dayanır. Bizim Əmək Məcəlləsində əmək müansibətləri ifadəsinə 79 dəfə istinad olunub.

Eyni proses - əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasındakı qırmızı xəttin çəkilməsi – qonşu Rusiyada 2013-2014-cü illərdə aparılmışdı, əmək münasibətləri anlayışının tərifi Əmək Məcəlləsinə daxil edilmiş, belə bir qadağanedici müddəa müəyyənləşdirilmişdi: “İşəgötürənlə işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsi məqsədilə mülki hüquqi müqavilələrin bağlanılmasına yol verilmir.”

Müqayisə üçün Rusiyanın Əmək Məcəlləsində əmək münasibətləri anlayışına verilən tərifi təqdim edirəm:

“Əmək münasibətləri – İşəgötürən və işçi arasında bağlanan, işçi tərəfindən müəyyən haqq müqabilində əmək funksiyalarının (ştat cədvəlinə, peşəsinə, dərəcəsi göstərilməklə ixtisasına uyğun vəzifələr və konkret tapşırıqlar üzrə) yerinə yetirilməsi barədə işəgötürənin maraqları, idarəetməsi və nəzarəti altında və əmək şəraitini təmin etməsi çərçivəsində işçinin daxili əmək intizamına əməl etməsi, əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan, kollektiv müqavilələrdə, razılaşmalarda, lokal normativ aktlarda təsbit olunan əmək hüququ normalarını əks etdirən əmək müqaviləsinə əsaslanır.”

Dəyişikliklər layihəsində əmək münasibətlərini xarakterizə edən (mülki hüquqi münasibətlərdən fərqləndirən) 8 meyar müəyyənləşdirilib. Onları bir-bir nəzərdən keçirək.

1-ci MEYAR: Əgər işəgötürənlə işçi arasındakı münasibətlər Əmək Məcəlləsində təsbit olunmuş əmək müqaviləsinin şərtlərinə və Məcəllənin əlavəsindəki nümunəvi formaya uyğundursa, o zaman tərəflər arasında əmək münasibətləri yaranır.

2-ci MEYAR: Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edilirsə, əmək münasibətləri yaranır.

3-cü MEYAR: Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, demək, əmək münasibətləridir.

Əvvəlki iki meyar aydın olduğu üçün əlavə şərhə, misala gərək görmədim. Bu meyarla bağlı nümunələri təqdim edirəm.

Misal 1. Ştat cədvəlində olan Elektrik vəzifəsinin funksiyalarını həyata keçirmək üçün qarşı tərəflə mülki hüquqi müqavilə bağlamaq olmaz.

Misal 2. Təşkilat müsabiqə yolu ilə hər hansı vəzifəyə işçi seçirsə, onunla əmək müqaviləsi bağlamalıdır.

Misal 3. Məşğulluq orqanı tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədilə (kvota çərçivəsində) təşkilata göndərilmiş işçi ilə münasibətlər əmək müqaviləsi ilə tənzimlənməlidir.

4-cü MEYAR: Əgər müqavilənin predmeti sifariş verənin (işəgötürənin) əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsidirsə, mülki hüquqi müqavilə bağlanılmasına yol verilmir.

Misal. Saytın (qəzetin) rəhbəri saytda (qəzetdə) işləyən jurnalistlə (davamlı yazılar yazan, saytın rəhbərinin tapşırıqlarını həyata keçirən) mülki hüquqi müqavilə bağlaya bilməz, çünki məqalə hazırlamaq saytın əsas fəaliyyətidir. Bu, tələb təkcə sayta yox, bütün kütləvi informasiya vasitələrinə aiddir.

5-ci MEYAR: Əvəzçiliklə və ya müvəqqəti əvəzetmə qaydasında işləri (xidmətləri) yerinə yetirənlərlə əmək müqaviləsi bağlanılmalıdır.

Misal 1. Təcrübədə çox rast gəlinən hallardan biri işçinin əsas iş yeri ilə yanaşı, digər iş yerində və ya yerlərində işləməsi halıdır. Qanunvericilk buna qadağa qoymur. Adətən, mühasiblər bir neçə yerdə işləyirlər. Yeni dəyişiklik qüvvəyə minəndən sonra mühasib əsas iş yerində əmək müqaviləsi ilə, əvəzçilik üzrə isə mülki hüquqi müqavilə ilə işləyə bilməz.

Misal 2. Bəzən olur ki, məzuniyyətə çıxan və ya əmək qabiliyyətini müvəqqəti, ancaq uzun müddətə (6 ayadək) itirən, uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdə olan işçilərin yerinə müvəqqəti işçi götürülür. Bu hallarda yaranan münasibətlər əmək münasibətləridir.

6-cı MEYAR: Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənənəndə yaranan münasibətlət əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

Misal 1. Təcrübədə olur ki, işəgötürən müvəqqəti bir işin görülməsi üçün işçi ilə müddətli əmək müqaviləsi bağlayır, sonradan ona ona xitam verərərək eyni predmet əsasında mülki hüquqi müqavilə bağlayır. Dəyişikliklərinntəsdiqindən sonra bu da mümükn olmayacaq.

Misal 2. Bu müddəanın qüvvəyə minməsi hazırda çox yayğın olan bir halın da qarşısını alacaq. Hazırda mülki hüquqi müqavilələr qısa müddətə (bir neçə aylıq) bağlanır, daha sonra eyni predmetlə (eyni işin (xidmətin) yerinə yetirilməsi şərti ilə) növbəti müddətə yeni müqavilə bağlanır, əslində, mülki müqavilənin müddəti uzadılır. Bu halın da aradan qalxacağı gözlənilir.

7-ci MEYAR: Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılmalıdır.

Misal. Məncə, bu meyar aydındır. Əgər tərəflər müqavilədə nəzərdə tuturlarsa ki, gördüyü işin (xidmətin) müqabilində qarşı tərəfə ödənilən haqqın tərkibinə mükafat və ya hər hansı bonus və əlavə veriləcək, demək, bu, əmək müqaviləsidir.

8-ci MEYAR: Müqavilədə Əmək Məcəllənin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutularsa, bu, əmək münasibətləridir.

Məncə bu meyar da aydındır. Əgər müqavilənin bir tərəfi qarşı tərəf qarşısında Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatları ödəmək öhdəliyi (məsələn, əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair) götürürsə, bu, əmək münasibətləridir.

Nəhayət, yeni dəyişiklikdə mütərəqqi bir yanaşma nəzərdə tutulub. Misal üzərində baxaq. Tutaq ki, əmək müqaviləsi bağlanılmalı halda qanunvericiliyə zidd olaraq mülki hüquqi müqavilə imzalanıb. Və bu, 1 il davam edib. 1 ildən sonra Dövlət əmək Müfəttişliyi Xidməti bunu aşkara çıxarıb. Bu halda əmək müqaviləsi bağlanılması təmin ediləcək və mülki hüquqi müqavilə bağlanılan əvvəlki 1 il üçün hər hansı cərimə tətbiq olunmayacaq.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər