Çərşənbə, 16 Sentyabr 2020 09:08

Əmək qanunvericiliyin pozulmasına görə hansı cərimələr ŞƏRTİ tətbiq olunacaq? (RƏSMİ SİYAHI)

Əmək və məzuniyyət haqqlarının səhv hesablanması, əmək kitabçasının açılmaması, əmək müqaviləsinə düzgün xitam verilməməsi və s. kimi pozuntunlara görə cərimə şərti olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaninda Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Elşən Tağıyev “Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun moderatorluğu ilə yayımlanan “Sahibkarı tanı” verilişinin qonağı olub. Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün layihəsi hazırlanıb. Elşən Tağıyev həmin layihə haqqında geniş məlumat verib:

“Nazirlik İnzibatı xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaq müvafiq olaraq baxılması üçün aidiyyatı orqanlara göndərilib. Dəyişikliyə əsasən cərimələrin artıq İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə müvafiq olaraq şərti olaraq tətbiq edilməsi nəzərdə tutulub. Məcəlləsinin116-ci maddəyə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İşəgötürən 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödəmək hüququndan azad olunur.”
Elşən Tağıyev İnzibatı Xətalar Məcəlləsindəki hansı maddələr üzrə cərimələrin şərti olaraq tərtib olunmasına aydınlıq gətirib: “Təklif paketinə əsasən, 8 hal üzrə İnzibati Xətalar Məcəlləsinə dəyişilik olunması tətbiqi nəzərdə tutulub:
1) Maddə 192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
2) Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
3) Maddə 192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə- vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
4) Maddə 192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
5) Maddə 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə- min beş yüz manat məbləğində cərimə edilir.
6) Maddə 202. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
7) Maddə 203. Kollektiv danışıqlar aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi - Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə-yeddi yüz əlli manat məbləğində cərimə edilir.
8) Maddə 594-1.1.2. Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə - vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.”

Mks.az saytı olaraq, Nazir Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifini müsbət qiymətləndiririk və layihəni hazırlayan məsul şəxslərə həmkarlarımız adından təşəkkürümüzü bildiririk. İnanırıq ki, işəgötürənlər cərimələrin şərti olması halından sui-istifadə hallarına yol verməyəcək. Ümid edirik ki, digər qanunvericiliklərdə HR və mühasiblərin aradan qaldırılması mümkün olan və ciddi pozuntu sayılmayan səhvlərinə görə də cərimələrin şərti tətbiq edilməsi təklif ediləcək.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın