İşçini ezamiyyəyə göndərmədən öncə diqqət yetiriləsi 6 MƏQAM

İşçini ezamiyyəyə göndərmədən öncə diqqət yetiriləsi 6 MƏQAM

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının "Xidməti ezamiyyələrin təşkili prosedurlarının rəsmiləşdirilməsi" bölməsindən seçmə

Təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Bütün səfərlər ezamiyyə sayılmır. Elə buna görə də işgüzar fəaliyyətinizdə xidməti ezamiyyətlərlə bağlı aşağıdakıları nəzərə almağınız çox vacibdir:

1. Xidməti ezamiyyətlər təşkilat rəhbərinin əmri ilə xidməti tapşırığın icrası məqsədi ilə həyata keçirilir.
Bu barədə bölmənin növbəti səhifələrində ətraflı məlumat verilməklə, sənədlərin nümunəvi formaları təqdim olunacaq.
2. Ezamiyyətə yalnız işəgötürənlə əmək münasibətlərində olan, müəssisədə əmək müqaviləsi ilə işləyən işçi göndərilə bilər.
Bəzən təcrübədə xidməti müqavilə ilə işləyən işçilərin ezamiyyətə göndərilməsinə rast gəlinir ki, bu, yanlışdır. Yalnız əmək müqaviləsi ilə işləyən işçilər ezamiyyətə göndərilə bilər. Bura müvəqqəti və daimi əmək müqaviləsi ilə işləyən bütün işçilər o cümlədən, mövsümi, əvəzçiliklə, tam olmayan iş günü çalışanlar da daxildir.
3. Ezamiyyətə gedən işçinin xidməti tapşırığı yerinə yetirəcəyi yerin daimi iş yerindən kənarda olması əsas şərtdir.
İşçilərin ezamiyyətə göndərilməsi ilə bağlı qanunvericilikdə   “daimi iş yerindən başqa yerə”, “yaşayış məntəqəsinə”, “təyinat məntəqəsinə” kimi anlayışlardan istifadə olunur. İşçilərin bir yaşayış məntəqəsi daxilində hərəkəti (səfərləri) ezamiyyə hesab olunmur. Baş idarədən filiallara və əksinə, filiallardan baş idarəyə istehsal zərurəti ilə bağlı xidməti səfərlər qanunvericiliyə uyğun olaraq ezamiyyət kimi qəbul olunur.
4. Xidməti ezamiyyətin müddəti konkret vaxtla məhdudlaşdırılır.
“İşçilərin ezamiyyə qaydaları”na görə, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla, işçinin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Ancaq qanunvericilikdə müəyyən istisnalar da müəyyənləşdirilib.
5. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
“Daimi işi yolda keçən işçilər”, “Daimi işi gediş - gəliş xarakteri daşıyan işçilər”, “Növbə (vaxta) metodu ilə işləyən işçilər”, “çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilər” anlayışlarının geniş izahı təşkilatımızın başqa bir nəşrində - “ “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020”” kitabında verilib.
6. Xidməti ezamiyyətin məqsədi xidməti tapşırığın icrası olmalıdır.
Xidməti ezamiyyət işçinin vəzifə öhdəliklərini iş yerindən kənarda, ancaq əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyaları çərçivəsində icrasını nəzərdə tutmalıdır. Ona görə də işəgötürənin işçiyə verdiyi xidməti tapşırıq işçinin əmək funksiyalarına uyğun olmalıdır.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər